31
Yaqubun Lavandan qaçması
Yaqub Lavanın oğullarının bu sözləri dediklərini eşitdi: «Yaqub atamıza məxsus olan hər şeyə sahib oldu, bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi». Yaqub Lavanın ona münasibətini gördü, o da Yaqubla əvvəlki kimi rəftar etmirdi. Rəbb Yaquba dedi: «Atalarının ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə olacağam». Yaqub xəbər göndərib Rəhiləni və Leanı çöllərə – sürüsünü otardığı yerə çağırdı. Yaqub onlara dedi: «Mən atanızın münasibətini görürəm ki, mənimlə əvvəlki kimi rəftar etmir. Ancaq atamın Allahı mənimlədir. Siz bilirsiniz ki, var gücümlə atanıza xidmət etmişəm. Atanız məni aldatdı və haqqımı on dəfə dəyişdirdi, amma Allah onu mənə pislik etməyə qoymadı. O, “xallı heyvanlar sənin haqqın olacaq” deyəndə bütün sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq” deyəndə isə bütün sürüdə alabəzək heyvanlar doğuldu. Beləcə Allah atanızın sürüsünü alıb mənə verdi. 10 Sürünün dölləndiyi vaxt yuxuda başımı qaldırıb gördüm ki, sürüdəki heyvanlarla cütləşən təkələr alabəzək, xallı və ləkəlidir. 11 Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim. 12 O dedi: “İndi başını qaldır, gör ki, sürüdəki heyvanlarla cütləşən bütün təkələr alabəzək, xallı və ləkəlidir, çünki Lavanın sənə etdiyi hər şeyi gördüm. 13 *Yar. 28:18-22 Mən Bet-Eldə sənə görünən Allaham. Orada bir sütun qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və doğulduğun torpağa qayıt”».
14 Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın mülkündə bir payımız ya mirasımız var? 15 Məgər o bizi özgə hesab etmir? Axı o bizi satıb bizim üçün ödənmiş pulu da xərclədi. 16 Buna görə də Allahın atamızdan aldığı bütün o var-dövlət bizim və uşaqlarımızındır. İndi sən də Allahın söylədiyi şeylərin hamısına əməl et».
17 Onda Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi. 18 Bütün sürüsünü, qazandığı bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın yanına getsin. 19 Lavan qoyunlarını qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini oğurladı. 20 Yaqub qaçdığını bildirməməklə Aramlı Lavanı aldatdı. 21 Beləcə özünə məxsus olan hər şeyi götürüb qaçdı. O, Fərat çayını keçib Gilead dağlıq bölgəsinə yönəldi.
Lavanın Yaqubu təqib etməsi
22 Yaqubun qaçdığı Lavana üçüncü gün bildirildi. 23 O, qohumlarını özü ilə götürüb yeddi gün onu təqib etdi və Gilead dağlıq bölgəsində Yaquba çatdı. 24 Allah gecə yuxusunda Aramlı Lavana görünüb dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de».
25 Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead dağında çadır qurdu. 26 Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və qızlarımı müharibə əsirləri kimi apardın. 27 Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə bunu bildirmədin ki, səni sevinclə, mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım. 28 Məni nəvələrimlə qızlarımı öpməyə qoymadın; ağılsızcasına rəftar etmisən. 29 Sizə pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: “Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de”. 30 İndi atanın evi üçün bərk darıxdığına görə çıxıb gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?» 31 Yaqub Lavana cavab verdi: «Qorxub düşündüm ki, qızlarını zorla məndən alarsan. 32 Büt allahlarını isə kimin yanında tapsan, o sağ qalmayacaq. Qohumlarımızın önündə yoxlayıb məndə nəyini tapsan, özünə götür». Ancaq Yaqub Rəhilənin onları oğurladığını bilmirdi.
33 Lavan Yaqubun, Leanın və iki qarabaşın çadırına girdi, ancaq büt allahları tapmadı. O, Leanın çadırından çıxıb Rəhilənin çadırına girdi. 34 Rəhilə ev bütlərini götürərək dəvənin yəhərinə qoyub onların üstündə oturmuşdu. Lavan bütün çadırı yoxladı, ancaq onları tapmadı. 35 Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini tapmadı.
36 Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və təqsirim nədir ki, məni belə təqib edirsən? 37 Bütün şeylərimi yoxladın, bütün ev şeylərindən nə tapdın? Tapdığın şeyi mənim qohumlarımın və öz qohumlarının qabağına qoy ki, ikimizin arasında şəhadət olsun. 38 Ötən iyirmi il sənin yanında işlədim, qoyunların və keçilərin balalarını salmadı, sürülərindəki qoçlarını yemədim. 39 Vəhşi heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin. 40 Gündüzün istisi, gecənin soyuğu məni əldən salardı, yuxum gözümdən tökülərdi. 41 İyirmi il sənin evində qaldım: iki qızın üçün on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə haqqımı dəyişdirdin. 42 Atamın və İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə olmasaydı, indi yəqin məni əliboş yola salardın. Allah əzabımı və əlimin zəhmətini gördü, dünən gecə sənə xəbərdarlıq etdi».
43 Lavan Yaquba belə cavab verdi: «Qızlar mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər mənim sürülərim və sənin gördüyün hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları uşaqlara nə edə bilərəm? 44 İndi gəl bir-birimizə əhd edək ki, səninlə mənim aramda şahid olsun». 45 Yaqub bir daş götürüb sütun kimi qoydu. 46 O öz qohumlarına dedi: «Daş yığın». Onlar daşları götürüb bir qalaq düzəltdilər və o qalağın yanında yeyib-içdilər. 47 Lavan onun adını Yeqar-Sahaduta*Yeqar-Sahaduta – arami dilində şəhadət daş qalağı. qoydu, Yaqub isə onun adını Qaled Qaled – ibrani dilində şəhadət daş qalağı. qoydu. 48 Lavan dedi: «Bu qalaq bu gün mənimlə sənin aranda şahiddir». Buna görə də onun adı Qaleddir. 49 Ona həm də MispaMispa – ibrani dilində gözətçi qülləsi. deyildi, çünki Lavan demişdi: «Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim aramda gözətçi olsun. 50 Söz ver ki, qızlarımı incitməyəcəksən və onların üstünə arvad almayacaqsan. Bil ki, bizim aramızda bir nəfər şahid olmasa da, Allah aramızda şahiddir».
51 Lavan yenə Yaquba dedi: «Bax bu da öz aramızda düzəltdiyim qalaq və sütun! 52 Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə – qalağın və sütunun bu tayına gələcəksən. 53 Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi. 54 Sonra Yaqub o dağda qurban kəsdi və qohumlarını çörək yeməyə çağırdı. Onlar çörək yedilər və dağda gecələdilər. 55 Lavan səhər tezdən qalxıb nəvələrini və qızlarını öpdü, onlara xeyir-dua verdi. Sonra öz yerinə qayıtdı.

*31:13 Yar. 28:18-22

*31:47 Yeqar-Sahaduta – arami dilində şəhadət daş qalağı.

31:47 Qaled – ibrani dilində şəhadət daş qalağı.

31:49 Mispa – ibrani dilində gözətçi qülləsi.