7
Yüzbaşının imanı
(Mat. 8:5-13)
İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi. Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir. Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib». İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim». 10 Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
Dul qadının oğlu dirilir
11 Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. 12 O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. 13 Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» 14 Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!» 15 Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. 16 Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər. 17 İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
İsa Məsih və Vəftizçi Yəhya
(Mat. 11:2-19)
18 Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb 19 göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 20 Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”» 21 Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. 22 *Yeş. 35:5-6; 61:1-3İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 23 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
24 Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 25 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar. 26 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 27 *Mal. 3:1Bu o adamdır ki, onun haqqında yazılıb:
“Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin qabağında yolunu hazırlayacaq”.
28 Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan*Yəhyadan üstün olan – bəzi əlyazmalarda Vəftizçi Yəhyadan üstün peyğəmbər. yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».
29 *Mat. 21:32; Luka 3:12Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər. 30 Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.
31 İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir? 32 Bazar meydanında oturan və
“Biz sizə tütək çaldıq, sizsə oynamadınız,
Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız”
deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. 33 Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”. 34 Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” 35 Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
İsa günahkar qadını bağışlayır
36 Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. 37 *Mat. 26:6-7; Mark 14:3; Yəh. 12:3Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. 38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.
39 İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». 40 İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». 41 «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. 42 Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» 43 Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi. 44 Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. 45 Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. 46 Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. 47 Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».
48 Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». 49 Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» 50 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».

*7:22 Yeş. 35:5-6; 61:1-3

*7:27 Mal. 3:1

*7:28 Yəhyadan üstün olan – bəzi əlyazmalarda Vəftizçi Yəhyadan üstün peyğəmbər.

*7:29 Mat. 21:32; Luka 3:12

*7:37 Mat. 26:6-7; Mark 14:3; Yəh. 12:3