13
İsa şagirdlərinin ayaqlarını yuyur
Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». 10 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». 11 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.
12 *Luka 22:27İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? 13 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. 14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. 15 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. 16 *Mat. 10:24; Luka 6:40; Yəh. 15:20Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. 17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
18 *Zəb. 41:9Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: Mən Oyam. 20 *Mat. 10:40; Mark 9:37; Luka 9:48; 10:16Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
Yəhudanın xəyanəti
(Mat. 26:20-25; Mark 14:17-21; Luka 22:21-33)
21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. 24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. 25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» 26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. 27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. 28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. 30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.
Bir-birinizi sevin
31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 33 *Yəh. 7:34Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 34 *Yəh. 15:12,17; 1Yəh. 3:23; 2Yəh. 5Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
Peterin inkarı barədə peyğəmbərlik
(Mat. 26:31-35; Mark 14:27-31; Luka 22:31-34)
36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.

*13:12 Luka 22:27

*13:16 Mat. 10:24; Luka 6:40; Yəh. 15:20

*13:18 Zəb. 41:9

*13:20 Mat. 10:40; Mark 9:37; Luka 9:48; 10:16

*13:33 Yəh. 7:34

*13:34 Yəh. 15:12,17; 1Yəh. 3:23; 2Yəh. 5