3
1 *Yəh. 1:12Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır. 2 Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. 3 Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
4 Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır. 5 *Yəh. 1:29Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur. 6 Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır.
7 Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir. 8 Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın. 9 Allahdan doğulan hər kəs günahını davam etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə bilməz, çünki Allahdan doğulub. 10 Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur: saleh iş görməyən, həmçinin qardaşını sevməyən hər kəs Allahdan deyil.
Bir-birimizi sevək
11 *Yəh. 13:34Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək. 12 *Yar. 4:8Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi. 13 Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin. 14 *Yəh. 5:24Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır. 15 Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil. 16 Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik. 17 Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda necə qala bilər?
18 Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək. 19-20 Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir. 21 Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik 22 və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük. 23 *Yəh. 13:34; 15:12,17Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək. 24 Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik.