5
Hovuz kənarındakı xəstənin şəfa tapması
Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. *Yatardı – bəzi əlyazmalarda yatardı və suyun çalxalanmasını gözləyərdi. 4 Çünki Rəbbin bir mələyi hərdən hovuzun içinə enib suyu çalxalayardı. Suyun çalxalanmasından sonra oraya girən ilk adam, hansı xəstəliyi olursa-olsun, sağlam olardı. Otuz səkkiz il xəstə olan bir adam da orada idi. İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi.
O gün Şənbə günü idi. 10 *Neh. 13:19; Yer. 17:21Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11 O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12 Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14 Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15 O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16 Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar,Başladılar – bəzi əlyazmalarda başladılar və Onu öldürməyə çalışdılar. çünki bunları Şənbə günü edirdi. 17 Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18 Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.
İsanın səlahiyyəti
19 Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20 Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21 Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22 Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23 hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
24 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25 Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26 Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27 Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28 Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29 *Dan. 12:2qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək.
30 Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
İsaya şəhadət
31 Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32 Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33 *Yəh. 1:19-27; 3:27-30Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34 Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35 Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36 Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37 *Mat. 3:17; Mark 1:11; Luka 3:22Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38 Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39 Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40 sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
41 İnsanlardan izzət qəbul etmirəm. 42 Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43 Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44 Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45 Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46 Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

*5:4 Yatardı – bəzi əlyazmalarda yatardı və suyun çalxalanmasını gözləyərdi. 4 Çünki Rəbbin bir mələyi hərdən hovuzun içinə enib suyu çalxalayardı. Suyun çalxalanmasından sonra oraya girən ilk adam, hansı xəstəliyi olursa-olsun, sağlam olardı.

*5:10 Neh. 13:19; Yer. 17:21

5:16 Başladılar – bəzi əlyazmalarda başladılar və Onu öldürməyə çalışdılar.

*5:29 Dan. 12:2

*5:33 Yəh. 1:19-27; 3:27-30

*5:37 Mat. 3:17; Mark 1:11; Luka 3:22