13
Nehemyanın qayda-qanunu bərpa etməsi
1 *Qanun. 23:3-5 O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz». 2 *Say. 22:1-6 Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi. 3 İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.
4 Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə 5 ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı. 6 Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb 7 Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım. 8 Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım. 9 Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.
10 *Qanun. 12:19 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır. 11 Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım. 12 *Mal. 3:10 Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər. 13 Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.
14 Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!
15 *Çıx. 20:8-10; Qanun. 5:12-14; Yer. 17:21-22 O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim. 16 Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı. 17 Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz? 18 Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız».
19 *Yer. 17:21; Yəh. 5:10 Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin. 20 Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi. 21 Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər. 22 Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər.
Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!
23 *Çıx. 34:11-16; Qanun. 7:1-5 Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm. 24 Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi. 25 Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın. 26 *2Şam. 12:24-25 *1Pad. 11:1-8 İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar. 27 İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?»
28 *Neh. 4:1 Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.
29 Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər!
30 Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi. 31 Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim.
Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!