4
Qabil və Habil
Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili*Qabil – ibrani mətnində qayin sözü olub qazanma deməkdir. doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. *İbr. 11:4 Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».
*Mat. 23:35; Luka 11:51; 1Yəh. 3:12 Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10 *İbr. 12:22-24 Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. 16 Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
Qabilin nəsli
17 Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. 18 Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi. 19 Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi. 20 Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. 21 Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu. 22 Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi.
23 Bir dəfə Lemek arvadlarına dedi:
«Ey Ada və Silla, səsimi eşidin,
Ey Lemekin arvadları, sözümə qulaq asın:
Məni yaraladığı üçün
Bir adam öldürdüm,
Məni zədələdiyi üçün
Bir cavan öldürdüm.
24 Qabil üçün yeddi qat qisas alınacaqsa,
Lemek üçün yetmiş yeddi qat alınacaq».
Şet və Enoş
25 Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet Şet – ibrani dilində bəxş etmək. qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». 26 Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.

*4:1 Qabil – ibrani mətnində qayin sözü olub qazanma deməkdir.

*4:4 İbr. 11:4

*4:8 Mat. 23:35; Luka 11:51; 1Yəh. 3:12

*4:10 İbr. 12:22-24

4:25 Şet – ibrani dilində bəxş etmək.