34
Yəhuda padşahı Yoşiya
(2Pad. 22:1-2)
*Yer. 3:6 Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı.
Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı. *2Pad. 21:3; 2Saln. 33:3 Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi. *1Pad. 13:2 Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi. Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı. Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı.
Məbəddə Qanun kitabının tapılması
(2Pad. 22:3-20)
Padşahlığının on səkkizinci ilində ölkəni və məbədi təmizlədikdən sonra Yoşiya Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahı Rəbbin məbədini təmir etmək üçün göndərdi. Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astana keşikçisi olan Levililərin yığdıqları pulu 10 Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə – 11 dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar. 12 Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu. 13 Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, məmurlar, qapıçılar da Levililərdən idi.
14 Rəbbin məbədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı. 15 Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi. 16 Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığın hər şeyi edir. 17 Rəbbin məbədində tapılan pulu boşaltdılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər». 18 Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu. 19 Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı. 20 Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi: 21 «Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraillilərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər».
22 Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər. 23 Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki, 24 Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lənətlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm. 25 Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”. 26 Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin. 27 Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir. 28 “Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı.
Padşah və xalq Rəbb ilə əhd bağlayır
(2Pad. 23:1-20)
29 Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 30 Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 31 Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. 32 O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi. 33 Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi.

*34:1 Yer. 3:6

*34:4 2Pad. 21:3; 2Saln. 33:3

*34:5 1Pad. 13:2