35
Yoşiya Pasxa bayramını keçirir
(2Pad. 23:21-23)
Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər. O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı. Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin. *2Saln. 8:14 İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun. Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın. Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün».
Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi. Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi. Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi.
10 Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb 11 Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular. 12 Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər. 13 *Çıx. 12:8-9 Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar. 14 Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər. 15 *1Saln. 25:1 Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü.
16 Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı. 17 *Çıx. 12:1-20 Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər. 18 Peyğəmbər Şamuelin dövründən bəri Pasxa bayramı İsraildə belə keçirilməmişdi. İsrail padşahlarından heç biri Yoşiya ilə kahinlərin, Levililərin, bütün Yəhudalıların, orada olan İsraillilərin və Yerusəlimdə yaşayanların qeyd etdikləri bu Pasxa kimi bir Pasxa keçirməmişdi. 19 Bu Pasxa Yoşiyanın padşahlığının on səkkizinci ilində keçirildi.
Yoşiyanın ölümü
(2Pad. 23:28-30)
20 Yoşiyanın məbəddə gördüyü bütün bu işlərdən sonra Misir padşahı Neko müharibə etmək üçün Fərat çayı yanında olan Karkemişin üzərinə gəldi. Yoşiya onunla qarşılaşmağa çıxdı. 21 Misir padşahı onun yanına qasidlər göndərib dedi: «Ey Yəhuda padşahı, mənim səninlə nə işim var? Mən bu gün sənin üstünə deyil, müharibə etdiyim sülaləyə qarşı gedirəm. Allah mənə tələsməyi əmr etdi, mənimlə olan Allahdan çəkin ki, səni həlak etməsin». 22 Yoşiya ondan əl çəkmədi və onunla vuruşmaq üçün qiyafəsini dəyişdi, Allah tərəfindən olan Nekonun sözlərinə qulaq asmadı və vuruşmaq üçün Megiddo düzənliyinə getdi.
23 Oxatanlar padşah Yoşiyanı oxla vurdu. Padşah adamlarına dedi: «Məni buradan aparın, çünki ağır yaralandım». 24 Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalılar və Yerusəlimlilər Yoşiya üçün yas tutdu. 25 Yeremya Yoşiya üçün mərsiyə qoşdu. Bütün kişi və qadın xanəndələr bu günə qədər məlum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır.
26 Yoşiyanın qalan işləri, Rəbbin Qanununda yazıldığına görə etdiyi sədaqətli işləri, 27 ilk işlərindən son işlərinə qədər İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.

*35:4 2Saln. 8:14

*35:13 Çıx. 12:8-9

*35:15 1Saln. 25:1

*35:17 Çıx. 12:1-20