2
Davudun Yəhudada padşah seçilməsi
1 Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona». 2 *1Şam. 25:42-43 Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı. 3 Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı. 4 *1Şam. 31:11-13 Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər.
O vaxt Davuda bildirdilər ki, Şaulu Yaveş-Gilead əhalisi dəfn edib. 5 Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz. 6 Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm. 7 Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib».
8 Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı. 9 Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi. 10 Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi. 11 Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi.
12 Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi. 13 Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi.
14 Avner Yoava dedi: «Qoy cavanlar qalxıb qarşımızda təkbətək döyüşsün». Yoav dedi: «Qalxsınlar». 15 Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər. 16 Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurim *Xelqat-Hassurim – ibrani dilində qılınclar sahəsi. deyilir. 17 O gün döyüş çox şiddətli oldu və Avnerlə İsraillilər Davudun adamları qarşısında məğlub oldular.
18 Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi. 19 O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü. 20 Avner arxaya baxıb dedi: «Asahel, bu sənsənmi?» O dedi: «Bəli, mənəm». 21 Avner ona dedi: «Bir sağına yaxud soluna dön. O gənclərdən birini tut, onun silahlarını al». Lakin Asahel əl çəkmədən onu qovurdu. 22 Avner Asahelə bir də dedi: «Qayıt, əl çək, məni qovma! Axı niyə səni öldürüb yerə sərim? Sonra qardaşın Yoavın üzünə necə baxaram?» 23 Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı.
24 Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar. 25 Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar. 26 Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?» 27 Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi». 28 Sonra Yoav şeypur çaldı, hamı dayandı. Artıq İsrailliləri təqib etmədilər və bir daha döyüşmədilər. 29 Avnerlə adamları bütün gecəni Arava vadisindən ötüb İordan çayını keçdilər və bütün Bitron boyunca irəliləyərək Maxanayimə çatdılar.
30 Yoav Avnerin ardınca düşməkdən vaz keçib qayıtdı və bütün xalqı topladı. Davudun adamlarından Asaheldən başqa on doqquz nəfər də əskik idi. 31 Davudun adamları isə Binyaminliləri və Avnerin adamlarını vurdu və üç yüz altmış nəfəri öldürdü. 32 Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar.