22
Davudun qələbə məzmuru
(Zəb. 18)
Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin *İlahi – ruhani nəğmə. sözlərini Rəbbə söylədi;
O belə oxudu:
Rəbb qayam, qalamdır, xilaskarımdır,
Allahım qayamdır, Ona pənah gətirəcəyəm,
Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm,
Sığınacaq yerim, xilaskarım!
Sən məni zalımların əlindən qurtarırsan!
 
Həmdə layiq olan Rəbbi çağıracağam,
Düşmənlərimin əlindən qurtulacağam.
Çünki ətrafımı ölüm dalğaları bürümüşdü,
Məni əcəl selləri ürkütmüşdü,
Ölülər diyarının ipləri mənə sarılmışdı,
Ölüm kəməndləri məni qarşılamışdı.
Əzab içində Rəbbə yalvardım,
Allahımı köməyə çağırdım.
O, məbədindən səsimi eşitdi,
Fəryadımsa Onun qulağına yetdi.
 
O zaman sarsılıb dünya titrədi,
Göylər təməllərindən sarsılıb lərzəyə gəldi.
Çünki O qəzəbləndi.
Burnundan tüstü çıxıb yüksəldi,
Ağzından yandırıb-yaxan alov püskürdü,
Bundan közlər tutuşdu.
10 O, göyləri yarıb yerədək endi.
Qatı zülmət ayaqları altında idi.
11 Bir keruva minib uçdu,
Yel qanadları üstündə şığıdı.
12 Ətrafını zülmətə bürüdü,
Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu.
13 Hüzurunun nuru şəfəq saçdı,
Oradan odlu közlər düşüb alovlandı.
14 Rəbb göylərdən gurladı,
Haqq-Taala səs saldı.
15 Oxlar atıb düşmənləri darmadağın etdi,
Şimşəyini çaxdırıb onları dağıtdı.
16 Rəbbin məzəmmətindən,
Burnundakı nəfəsinin şiddətindən
Dənizin dərinlikləri göründü,
Dünyanın bünövrələri açıq qaldı.
 
17 O, ucalardan əl uzadıb məni tutdu,
Məni dərin suların içindən çıxartdı.
18 Məni qüvvətli düşmənimdən azad etdi,
Çünki yağılarım məndən güclü idi.
19 Fəlakətli günümdə qarşıma çıxdılar,
Lakin Rəbb mənə dayaq oldu.
20 O məni geniş yerə çıxartdı,
Məndən razı qalıb məni qurtardı.
 
21 Rəbb mənə salehliyim naminə ənam verdi,
Mənə əlitəmizliyimin əvəzini verdi.
22 Çünki Rəbbin yolunu tutmuşam,
Pis olub Allahımın yolundan azmamışam.
23 Onun bütün hökmləri önümdədir,
Qaydalarından imtina etməmişəm.
24 Onun önündə kamilliyə çatmışam,
Özümü günahdan qorumuşam.
25 Rəbb mənə salehliyimin əvəzini verdi,
Gözünün önündə təmizliyimin əvəzini verdi.
 
26 Sədaqətlilərlə sədaqətlisən,
Kamillərlə kamilsən.
27 Təmizlərlə təmizsən,
Əyrilərlə əyriliklərinə görə davranırsan.
28 İtaətkar insanları qurtarırsan,
Lovğalara göz qoyursan, onları alçaldırsan.
 
29 Ya Rəbb, Sən mənim çırağımsan,
Rəbb zülmətimi nura çevirir.
30 Səninlə qoşun üstünə hücum çəkirəm,
Allahımla sədlər keçirəm.
31 Allahın yolu kamildir,
Rəbbin kəlamı safdır,
Rəbb ona sığınanların sipəridir.
32 Rəbdən başqa Allah kimdir ki?
Allahımızdan başqa qaya kimdir ki?
33 Allah qalamdır, mənə qüvvət verər,
Yolumu kamil edər.
34 *Hab. 3:19 Ayaqlarımı maral ayaqları kimi çevik edər,
Məni zirvələrdə saxlar.
35 Əllərimə döyüş təlimi verər,
Qollarım tunc kamanı dartar.
 
36 Sən mənə qurtuluş qalxanını verdin,
Etdiyin köməklə Sən məni yüksəltdin.
37 Geniş yer açdın ki, addımlayım,
Büdrəməsin ayaqlarım.
38 Düşmənlərimi qovdum, onları qırdım,
Onlar məhv olanadək geriyə qayıtmadım.
39 Onları əzib qurtardım, qalxa bilmədilər,
Ayaqlarımın altına sərildilər.
40 Döyüş üçün məni qüvvə ilə bürüdün,
Əleyhdarlarımı ayağımın altına saldın,
41 Düşmənlərimin kürəyini mənə sarı çevirdin,
Mənə nifrət edən yağıları məhv etdim.
42 Gözləsələr də, onları qurtaran olmadı,
Rəbbə baxsalar da, Ondan cavab gəlmədi.
43 Onları yerdəki toz kimi əzdim,
Küçələrin palçığı kimi tapdaladım.
 
44 Sən məni xalqımın çəkişmələrindən qurtardın,
Məni millətlərə başçı qoydun,
Tanımadığım xalqları mənə tabe etdirdin.
45 Yadellilər mənə boyun əyirlər.
Səsimi eşidəndə mənə itaət edirlər.
46 Yadellilərin cəsarəti qırıldı,
Titrəyərək sığınacaqlarından çıxdılar.
 
47 Rəbb əbədi yaşayır, Qayama alqış olsun!
Məni qurtaran Qayam, Allahım ucalsın!
48 O Allahdır, mənə görə qisas alır,
Xalqları mənə tabe etdirir.
49 O məni düşmən içindən çıxarır,
Məni yağılar üstündə ucaldır,
Məni zalımların əlindən qurtarır.
 
50 *Rom. 15:8-9 Buna görə, ya Rəbb,
Millətlər arasında Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm!
51 Rəbb padşahına böyük zəfərlər verər,
Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

*22:1 İlahi – ruhani nəğmə.

*22:34 Hab. 3:19

*22:50 Rom. 15:8-9