21
Giveonluların qisası
Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü. *Yeşua 9:3-15 Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı. Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?» Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm». Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin. Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm».
*1Şam. 20:15-17; 2Şam. 9:1-7 Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı. Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü.
10 Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu. 11 Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər. 12 *1Şam. 31:8-13 Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı. 13 Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar. 14 Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi.
İsraillilərin Filiştli nəhənglərə qarşı döyüşü
(1Saln. 20:4-8)
15 Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu. 16 Rafa övladlarından *Rafa övladları – nəhəng adamlar. İşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı. 17 Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».
18 Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü. 19 Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. 20 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. 21 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. 22 Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

*21:2 Yeşua 9:3-15

*21:7 1Şam. 20:15-17; 2Şam. 9:1-7

*21:12 1Şam. 31:8-13

*21:16 Rafa övladları – nəhəng adamlar.