4
Peterlə Yəhya Ali Şuranın qarşısında
1 Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. 2 Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. 3 Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. 4 Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
5 Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. 6 Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. 7 Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?» 8 O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! 9 Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, 10 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 11 *Zəb. 118:22Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. 12 Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
13 Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. 14 Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. 15 Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb 16 dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. 17 Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». 18 Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. 19 Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? 20 Axı eşidib-gördüklərimizi deməyə bilmərik». 21 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. 22 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.
İmanlılar Allahdan cəsarət istəyir
23 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. 24 *Çıx. 20:11; Neh. 9:6; Zəb. 146:6Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. 25 *Zəb. 2:1-2Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin:
“Nə üçün millətlər belə hirslənir,
Ümmətlər boş şeylər düşünür?
26 Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.
27 *Mat. 27:1-2; Mark 15:1; Luka 23:1,7-11; Yəh. 18:28-29Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə*Bu şəhərdə – bəzi əlyazmalarda bu sözlər yoxdur. toplaşdı ki, 28 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. 29 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. 30 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». 31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.
İlk imanlıların birlik içində həyatı
32 *Həv. 2:44-45İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. 33 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. 34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, 35 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. 36 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif 37 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.
*4:24 Çıx. 20:11; Neh. 9:6; Zəb. 146:6
*4:27 Mat. 27:1-2; Mark 15:1; Luka 23:1,7-11; Yəh. 18:28-29
*4:27 Bu şəhərdə – bəzi əlyazmalarda bu sözlər yoxdur.