15
İsa Romalı vali Pilatın önündə
(Mat. 27:1-2,11-26; Luka 23:1-25; Yəh. 18:28–19:16)
1 Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. 2 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 3 Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. 4 Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» 5 Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.
6 Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. 7 Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. 8 Xalq Pilatın yanına çıxıb ondan*Pilatın yanına çıxıb ondan – bəzi əlyazmalarda bağırıb Pilatdan. xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. 9 Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 10 Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. 11 Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.
12 Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?» 13 «Onu çarmıxa çək!» deyə yenə bağırdılar. 14 Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar. 15 Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
Əsgərlər İsanı təhqir edir
(Mat. 27:27-31; Yəh. 19:2-3)
16 Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. 17 Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 18 «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 19 Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 20 Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.
İsa çarmıxa çəkilir
(Mat. 27:32-44; Luka 23:26-43; Yəh. 19:17-25)
21 *Rom. 16:13O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
22 İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir. 23 Ona mirra†Mirra – yəni ağrı kəsən dərman. ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi. 24 *Zəb. 22:18İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. 25 Üçüncü saat‡Üçüncü saat – hazırkı vaxtla səhər saat doqquz. idi ki, İsanı çarmıxa çəkdilər. 26 Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı». 27 Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər. 28 §Çarmıxa çəkdilər – bəzi əlyazmalarda çarmıxa çəkdilər. 28 Müqəddəs Yazılarda yazılan yerinə yetdi: «Üsyankarlara tay tutuldu» (Luka 22:37).
29 *Zəb. 22:7; 109:25; Mark 14:57-58; Yəh. 2:19Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən! 30 İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 31 Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! 32 İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.
İsanın ölümü
(Mat. 27:45-56; Luka 23:44-49; Yəh. 19:25-30)
33 Altıncı saatdan**Altıncı saat – hazırkı vaxtla günorta saat on iki. doqquzuncu saata qədər††Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç. bütün yer üzünə qaranlıq çökdü. 34 *Zəb. 22:1Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi:
«Elohi, Elohi, lema şabaqtani?»
Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 35 Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır». 36 *Zəb. 69:21Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?» 37 İsa uca səslə qışqırıb son nəfəsini verdi.
38 *Çıx. 26:31-33O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. 39 İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini‡‡Son nəfəsini – bəzi əlyazmalarda nida edib son nəfəsini. belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi.
40 *Luka 8:2-3Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. 41 İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.
İsanın dəfni
(Mat. 27:57-61; Luka 23:50-56; Yəh. 19:38-42)
42 O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə 43 Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi. 44 Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?» 45 Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi. 46 Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı. 47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.
*15:8 Pilatın yanına çıxıb ondan – bəzi əlyazmalarda bağırıb Pilatdan.
†15:23 Mirra – yəni ağrı kəsən dərman.
‡15:25 Üçüncü saat – hazırkı vaxtla səhər saat doqquz.
§15:28 Çarmıxa çəkdilər – bəzi əlyazmalarda çarmıxa çəkdilər. 28 Müqəddəs Yazılarda yazılan yerinə yetdi: «Üsyankarlara tay tutuldu» (Luka 22:37).
*15:29 Zəb. 22:7; 109:25; Mark 14:57-58; Yəh. 2:19
**15:33 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.
††15:33 Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
‡‡15:39 Son nəfəsini – bəzi əlyazmalarda nida edib son nəfəsini.