69
Məzmur 69
Musiqi rəhbəri üçün. Davudun «Şoşannim» üstə oxunan məzmuru.
Ay Allah, məni qurtar,
Su çıxıb boğazımacan,
Dərin bataqlığa batmaqdayam,
Ayaq üstə durmağa yer yoxdur.
Dərin sulara qərq olmuşam,
Sellər məni aparır.
Fəryad etməkdən taqətim kəsildi,
Allahı gözləməkdən
Boğazım qurudu, gözümün nuru söndü.
 
*Zəb. 35:19; Yəh. 15:25 Boş yerə mənə nifrət edənlər
Başımın tükündən çoxdur.
Haqsız yerə mənə düşmən kəsilənlər,
Məni məhv etmək istəyənlər qüvvətlidir.
Oğurlamadığım şeyləri necə qaytara bilərəm?
Ey Allah, ağılsızlıq etdiyimi bilirsən,
Günahlarım Səndən gizli deyil.
 
Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər
Mənə görə qoy utanmasınlar.
Ey İsrailin Allahı, Səni axtaranlar
Mənə görə qoy xəcalət içində qalmasınlar.
Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü,
Üzümü xəcalət bürüdü.
Qardaşlarıma yad oldum,
Anamın oğullarına özgə sayıldım.
*Yəh. 2:17 *Rom. 15:3 Evinin qeyrəti məni yandırıb-yaxdı,
Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.
10 Oruc tutub ağlamağımı belə,
Mənə rüsvayçılıq saydılar.
11 Mən çula bürünəndə
Onlara söz oldum.
12 Darvazadakı adamlar məndən qeybət edirlər,
Sərxoşların dilinin nəğməsinə çevrildim.
 
13 Mənsə, ya Rəbb, Sənə dua edirəm.
Ey Allah, münasib gördüyün zaman
Bol məhəbbətinə görə mənə cavab ver,
Çünki qurtuluşuna etibar etmişəm.
14 Məni qurtar, bataqlığa batmayım,
Qoy düşmənlərimdən,
Dərin sulardan xilas olum.
15 Qoy sellər məni aparmasın,
Dərinlik məni udmasın,
Quyu üstümdə ağzını yummasın.
16 Ya Rəbb, mənə cavab ver,
Çünki məhəbbətin yaxşıdır.
17 Üzünü bu bəndəndən gizlətmə,
Tez cavab ver, çünki əzab çəkirəm.
18 Yetiş, canımı azad et,
Məni düşmənlərimdən xilas et.
 
19 Başıma gələn rüsvayçılığı,
Biabırçılığı, xəcaləti bilirsən,
Bütün yağılarım qarşındadır.
20 Rüsvayçılıq qəlbimi qırdı,
Gör necə biçarəyəm.
Çox axtardım, halıma yanan tapılmadı,
Hey axtardım, təsəlli verən olmadı.
21 *Mat. 27:48; Mark 15:36; Yəh. 19:28-29 Mənə yemək əvəzinə öd verdilər,
Susayanda sirkə içirtdilər.
 
22 *Rom. 11:9-10 Süfrələri onlar üçün tələ olsun,
Müttəfiqləri üçün tor olsun.
23 Gözlərinə qara gəlsin, görməsinlər,
Belləri onları lərzəyə salsın.
24 Qoy qəzəbin onların üzərinə yağsın,
Qoy hiddətinin qızğınlığı onları tutsun.
25 *Həv. 1:20 Düşərgələri viran olsun,
Çadırları boş qalsın.
26 Çünki Sənin vurduğun insanı təqib edirlər,
Yaraladıqlarının dərdini ona qaxınc edirlər.
27 Bu təqsirkarları daha da təqsirkar çıxar,
Səndən bəraət almasınlar.
28 *Çıx. 32:32; Vəhy 3:5; 13:8; 17:8 Qoy adları həyat kitabından silinsin,
Salehlərlə yanaşı yazılmasın.
 
29 Mən məzlumam, dərdliyəm,
Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.
30 Allahın isminə ilahilərlə həmd oxuyacağam,
Onu şükürlərlə ucaldacağam.
31 Mal-qara qurbanından çox
Bu, Rəbbin xoşuna gələcək,
Buynuzlu, dırnaqlı buğadan çox
Bu Ona xoş gələcək.
32 Bunu görən məzlumlar qoy sevinsin,
Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.
33 Çünki Rəbb fəqirləri eşidir,
Öz əsir xalqına xor baxmır.
 
34 Göy, yer, dənizlər, oradakı canlılar
Qoy Rəbbə həmd oxusunlar.
35 Çünki Allah Sionu qurtaracaq,
O, Yəhuda şəhərlərini bərpa edəcək.
Onun xalqı oranı mülk edib məskən salacaq,
36 Ora qullarının övladlarına irs olaraq qalacaq,
Allahın ismini sevənlər orada sakin olacaq!

*69:4 Zəb. 35:19; Yəh. 15:25

*69:9 Yəh. 2:17

*69:9 Rom. 15:3

*69:21 Mat. 27:48; Mark 15:36; Yəh. 19:28-29

*69:22 Rom. 11:9-10

*69:25 Həv. 1:20

*69:28 Çıx. 32:32; Vəhy 3:5; 13:8; 17:8