11
Allahın seçdiyi xalq
1 *Fil. 3:5Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. 2 Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir: 3 *1Pad. 19:10,14«Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 4 *1Pad. 19:18Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5 Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. 6 Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.*Lütf olmaz – bəzi əlyazmalarda lütf olmaz. Amma əgər əməllərlə oldusa, daha lütflə deyil; yoxsa əməl daha əməl olmaz.
7 Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu. 8 *Qanun. 29:4; Yeş. 29:10Necə ki yazılıb:
«Allah onları dərin yuxuya saldı,
Onlara bu günədək görməyən gözlər,
Eşitməyən qulaqlar verdi».
9 *Zəb. 69:22-23Davud da belə deyir:
«Süfrələri onlara tələ, tor,
Büdrəmə daşı və cəza olsun.
10 Gözlərinə qara gəlsin, görməsinlər,
Belləri həmişə bükülü qalsın!»
Başqa millətlərin xilası
11 Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın. 12 Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13 Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, 14 bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. 15 Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? 16 Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17 Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə†Barlı kökünə – bəzi əlyazmalarda kökünə və şirəsinə. şərik olmusansa, 18 o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. 19 O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. 20 Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx! 21 Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə‡Bəlkə – bəzi əlyazmalarda bu söz yoxdur. sənə də rəhm etməyəcək. 22 Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. 23 Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir. 24 Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
Bütün İsrail xilas olacaq
25 Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. 26 *Yeş. 59:20-21; Yer. 31:33-34Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb:
«Qurtarıcı Siondan gələcək,
Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
27 «Günahlarını aradan qaldırdığım zaman
Mənim onlarla bağladığım Əhd budur».
28 Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. 29 Çünki Allahın ənamları və dəvəti geri alınmaz. 30 Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; 31 eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. 32 Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
Allaha həmd
33 Allahın zənginliyi nə böyük,
Hikməti və biliyi nə dərindir!
Onun hökmləri necə də ağlasığmaz,
Yolları necə də anlaşılmazdır!
34 *Yeş. 40:13«Rəbbin ağlını kim dərk etdi?
Ona kim məsləhətçi oldu?»
35 *Əyy. 41:11«Kim Ona bir şey verdi ki,
Əvəzini Ondan istəyə bilsin?»
36 *1Kor. 8:5-6Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.
*11:6 Lütf olmaz – bəzi əlyazmalarda lütf olmaz. Amma əgər əməllərlə oldusa, daha lütflə deyil; yoxsa əməl daha əməl olmaz.
†11:17 Barlı kökünə – bəzi əlyazmalarda kökünə və şirəsinə.
‡11:21 Bəlkə – bəzi əlyazmalarda bu söz yoxdur.
*11:26 Yeş. 59:20-21; Yer. 31:33-34