59
Günah və etiraf
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin,
Qulağı kar deyil ki, eşidə bilməsin.
Lakin şər əməlləriniz
Allahınızla sizin aranızda ayrılıq saldı.
Günahlarınıza görə Onun üzü sizdən döndü,
O səsinizi eşitmir.
Çünki əlləriniz qanla,
Barmaqlarınız şər əməllərlə murdarlanıb.
Dodaqlarınız yalan danışır,
Diliniz pislik söyləyir.
*Əyy. 15:35; Zəb. 7:14 Məhkəmədə ədalətlə işə baxan yoxdur,
Doğruluqla özünü müdafiə edən yoxdur,
Boş sözlərə güvənirlər, aldadırlar,
Əziyyətə hamilə olub pislik doğurlar.
 
Gürzə yumurtalarına qırt yatırlar,
Hörümçək toru toxuyurlar.
O yumurtalardan yeyən ölür,
Qırılan yumurtalardan əfi ilan çıxır.
Onların toxuduğu hörümçək torundan paltar çıxmaz,
Toxuduqları parça ilə özlərini örtə bilmirlər.
Elədikləri əməllər şər əməllərdir,
Əllərində zorakılıq işləri var.
*Sül. 1:16; Rom. 3:15-17 Ayaqları pis işlər etməyə tələsir,
Günahsız qan tökməyə cəlddir.
Fikirləri, niyyətləri şər əməllərdir,
Yollarında viranəlik, qırğın var.
Əmin-amanlıq yolu nədir, onlar bilmirlər,
Getdikləri yolda ədalət yoxdur,
Özlərinə əyri yol seçdilər,
O yoldan gedənlərin heç biri
Əmin-amanlıq nədir bilmir.
 
Buna görə ədalət bizdən uzaqlaşıb,
Salehliyə çata bilmirik.
İşıq ümidindəyik, lakin qaranlıqdayıq,
Aydınlıq gözləyirik, zülmətdə yeriyirik.
10 Kor kimi əllərimizlə divarı yoxlayırıq,
Gözü görməyənlər tək yol axtarırıq.
Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik,
Güclülər arasında ölülər kimiyik.
11 Hamımız ayı kimi nərildəyirik,
Göyərçin tək inildəyirik.
Ədalət gözləyirik, lakin heç bir şey yoxdur.
Qurtuluş gözləyirik, amma bizdən uzaqdır.
12 Çünki Önündə üsyankarlığımız böyükdür,
Günahlarımız bizə qarşı şəhadət edir.
Üsyankarlığımız bizi dövrəyə alıb,
Şər əməllərimizdən xəbərdarıq.
13 Üsyankar olub Rəbbi rədd etdik,
Allahımızın ardınca getmədik,
Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq,
Yalan kəlmələri ürəyimizdə gizlətdik,
Sonra aşkara çıxartdıq.
14 Ədalət geri çəkildi,
Salehlik uzaqda durdu,
Çünki həqiqət şəhər meydanında yıxıldı,
Dürüstlük aramıza daxil ola bilmir.
15 Həqiqət heç bir yerdə yoxdur,
Şərdən uzaq duran talan olunur.
Rəbb xalqını qurtaracaq
Rəbb bunları gördü,
Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.
16 *Yeş. 63:5 Rəbb gördü ki, heç kim yoxdur,
Havadarın olmadığına görə O mat qaldı.
Onda Onun qolu Ona zəfər gətirdi,
Salehliyi Ona dayaq oldu.
17 *Ef. 6:14 *Ef. 6:17; 1Sal. 5:8 O, salehliyi zireh kimi geydi,
Qurtuluş dəbilqəsini başına taxdı.
Qisas geyimlərini geydi,
Qeyrət libasına büründü.
18 O hər kəsə əməllərinə görə əvəz verəcək.
Düşmənlərinə qəzəblə, yağılarına,
Uzaq diyarlara qisasla əvəz verəcək.
19 Beləcə qərbdən şərqədək adamlar
Rəbbin adından və əzəmətindən qorxacaq.
Çünki düşmən azğın bir çay kimi gəldikdə
Rəbbin nəfəsi onu qovacaq.
 
20 *Rom. 11:26-27 Rəbb bəyan edir: «Satınalan Siona gələcək,
Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək».
21 «Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir.

*59:4 Əyy. 15:35; Zəb. 7:14

*59:7 Sül. 1:16; Rom. 3:15-17

*59:16 Yeş. 63:5

*59:17 Ef. 6:14

*59:17 Ef. 6:17; 1Sal. 5:8

*59:20 Rom. 11:26-27