58
Düzgün oruc
«Avazla çığırın, çəkinməyin,
Səsinizi şeypur səsi kimi ucaldın,
Xalqıma üsyankarlığını,
Yaqub nəslinə günahlarını bildirin!
Onlar hər gün Məni axtarır,
Mənim yolumu öyrənməkdən zövq alır.
Sanki bu əməlisaleh,
Allahının hökmündən ayrılmayan millət imiş.
Onlar Məndən düzgün hökmlər diləyirdi,
Allaha yaxınlaşmaqdan zövq alırdı.
 
Onlar belə deyir:
“Oruc tutduğumuzu nə üçün görmürsən,
Özümüzü aşağı tutanda,
Sən niyə fikir vermirsən?”
Baxın, oruc tutduğunuz gün
Siz istədiyinizi edirsiniz,
Bütün işçilərinizi sıxışdırırsınız.
Baxın, orucunuzu savaşma ilə,
Dava ilə, yumruqla, döyməklə keçirirsiniz.
Səsinizi ucalara çatdırmaq üçün
Bugünkü kimi sizə oruc tutmaq olmaz.
İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi?
Bu, qamış kimi başınızı əyib,
Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı?
Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?
 
Mənim istədiyim orucsa
Haqsızlığın buxovlarını qırmaq,
Boyunduruğun iplərini açmaq,
Sıxıntı içində olanları azad etmək,
Hər cür boyunduruğu məhv etmək deyilmi?
Yediyiniz çörəyi acla bölüşdürmək,
Yurdsuz kasıbları evinizə gətirmək deyilmi?
Mənim istədiyim oruc bu deyilmi?
Çılpaq görəndə geyindirmək,
Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?
Onda nurunuz şəfəq kimi saçacaq,
Tezliklə şəfa tapacaqsınız,
Qarşınızda salehliyiniz gedəcək,
Rəbbin izzəti sizə arxa olacaq.
O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.
Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək.
 
Əgər siz boyunduruğu,
Yəni başqalarına zülm etməyinizi
Aranızdan rədd etsəniz,
Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,
10 Can-dildən acların qayğısına qalsanız,
Fəqirlərin ehtiyaclarını ödəsəniz,
Nurunuz qaranlıqda parlayacaq,
Qaranlığınız günorta işığı kimi nur saçacaq.
11 Rəbb həmişə sizə yol göstərəcək,
Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək.
Siz də sulanmış bağça kimi,
Suları heç vaxtı əskilməyən
Bulaq kimi olacaqsınız.
12 Sizdən törənənlər qədim dağıntıları tikəcək,
Nəsillərdən qalma təməllərin üstünü
Siz bərpa edəcəksiniz.
Sizə xarabalıqları bərpa edənlər,
Camaatın yaşaması üçün
Küçələri yenidən quranlar deyiləcək.
Şənbə gününə riayət edənlər üçün mükafat
13 Şənbə günündə büdrəməsəniz,
Müqəddəs günümdə istədiyinizi etməsəniz,
Şənbə gününü “şən gün”,
Rəbbin müqəddəs gününü
“Şərəfli gün” adlandırsanız,
Öz yolunuzla getməməklə,
İstədiyinizi əldə etməməklə,
Boşboğazlıqla məşğul olmamaqla,
O günü əziz tutsanız,
14 Rəblə ünsiyyətdən zövq alacaqsınız.
O zaman Mən sizi yer üzünün
Yüksək yerlərinə çıxaracağam,
Atanız Yaqubun payından dadacaqsınız».
Bu sözlər Rəbbin ağzından çıxıb.