SÜLEYMANIN MƏSƏLLƏRİ
GİRİŞ
«Süleymanın Məsəlləri» Kitabı hikmətli sözlər və məsəllər şəklində olan əxlaqi və mənəvi təlim toplusudur. Bu kitab Allahdan gələn müdrikliyi gündəlik həyatda tətbiq etməyi tövsiyə edir:
«Rəbb qorxusu biliyin başlanğıcıdır» (1:7),
«Bütün qəlbinlə Rəbbə güvən,
Öz idrakına etibar etmə» (3:5).
Buradakı əsas fikir «Qanunun Təkrarı» Kitabı ilə həmahəng səslənir: Allaha güvənən, Onun göstərdiyi yolla gedən insan hər işində xeyir-dua alar. Məsəllər ailə və dostluq münasibətlərindən, əmək və ictimai həyatdan bəhs edir. Əsas mövzular müdriklik və səfehlik, salehlik və pislik, hikmətli sözün qüvvəti, sərvət və yoxsulluq, ümid və ehtiyat, sevinc və kədər, ağır əmək və bikarçılıqdır.
Biliyin, hikmətin təməli «Allah qorxusudur», yəni Allaha hörmət və ehtiramla yanaşmaqdır.
Kitabın məzmunu:
1:1–9:18 Hikmətin faydası
10:1–22:16 Süleymanın məsəlləri
22:17–24:22 Otuz hikmətli söz
24:23-34 Hikmətli sözlərin davamı
25:1–29:27 Süleymanın məsəllərinin davamı
30:1-33 Aqurun məsəlləri
31:1-9 Lemuel padşahın anasının sözləri
31:10-31 Xeyirxah arvad
1
*1Pad. 4:32 İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
Hikmət mənbəyi
Hikmət və tərbiyəyə malik olmaq,
Müdrik sözləri dərk etmək üçün,
Salehlik, ədalət, insaf barədə
İdrak tərbiyəsi almaq üçün,
Cahillərə uzaqgörənlik,
Gənc oğlana bilik və dərrakə vermək üçün;
Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın,
Dərrakəli adam sağlam məsləhət alsın.
Bu yolla insanlar məsəl və kinayələri,
Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
*Əyy. 28:28; Zəb. 111:10; Sül. 9:10 Rəbb qorxusu biliyin başlanğıcıdır,
Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
Günahkarlardan uzaq durmaq
Oğlum, ata tərbiyəsinə qulaq as,
Ananın öyrətdiklərini kənara atma.
Onlar başını gözəl çələng kimi,
Boynunu boyunbağı kimi bəzər.
10 Oğlum, qoyma səni günahkarlar azdırsın.
11 Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək,
Nahaq yerə günahsızları güdək,
12 Gəl onları ölülər diyarı kimi diri-diri udaq,
Tamam qəbirə düşənlərə bənzəsinlər.
13 Onda çoxlu qiymətli sərvət taparıq,
Evlərimizi talan malı ilə doldurarıq.
14 Bizə qoşul,
Qoy kisəmiz bir olsun»,
15 Oğlum, onlara qoşulma,
Yollarına ayaq basma.
16 *Yeş. 59:7; Rom. 3:15 Çünki onların ayaqları pisliyə tərəf qaçar,
Qan tökməyə tələsər.
17 Bir quşun gözü önündə
Tələ qurmaq faydasızdır.
18 Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür,
Güdməkləri öz canları üçündür.
19 Tamahkarın yolu həmişə belədir,
Tamahı onun canını alar.
Hikmət çağırır
20 *Sül. 8:1-3 Hikmət bayırda ucadan çağırır,
Meydanlarda onun səsi ucalır.
21 O, səsli-küylü küçələrin başında çağırır,
Şəhər darvazalarında deyir:
22 «Ey cahillər, nə vaxtadək
Cəhaləti sevəcəksiniz?
Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq,
Axmaqların bilikdən zəhləsi gedəcək?
23 Məzəmmətimdən düzəlsəydiniz,
Ruhumu üstünüzə tökərdim,
Sözlərimi sizə bildirərdim.
24 Sizi çağıranda məni rədd etdiniz,
Əlimi uzadanda əhəmiyyət vermədiniz.
25 Bütün nəsihətlərimi boş saydınız,
Məzəmmətlərimi qəbul etmədiniz.
26 Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm,
Dəhşət sizi bürüyəndə,
27 Tufan kimi dəhşət sizə hücum çəkəndə,
Sizə qasırğa kimi bəla gələndə,
Dara, əziyyətə düşəndə istehza edəcəyəm.
28 O vaxt məni çağıranlara cavab verməyəcəyəm,
Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.
29 Çünki onlar biliyə nifrət etdilər,
Rəbdən qorxmaq istəmədilər,
30 Nəsihətimi istəmədilər,
Hər məzəmmətimi rədd etdilər.
31 Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər,
Öz nəsihətləri ilə doyacaqlar.
32 Cahili özbaşınalığı öldürəcək,
Axmağı laqeydliyi məhv edəcək.
33 Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq,
Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».

*1:1 1Pad. 4:32

*1:7 Əyy. 28:28; Zəb. 111:10; Sül. 9:10

*1:16 Yeş. 59:7; Rom. 3:15

*1:20 Sül. 8:1-3