9
Hikmət yolu
Hikmət evini qurub,
Yeddi dirəyini yonub,
Heyvanlarını kəsib,
Şərabını hazırlayıb,
Süfrəsini də düzəldib.
Göndərdiyi kənizlər
Şəhərin uca yerlərindən car çəkərlər:
«Gəlin bura, ey cahillər!»
Qanmazlara belə deyərlər:
«Gəlin, çörəyimdən yeyin,
Hazırladığım şərabdan için.
Cəhaləti atın, ömür sürün,
İdrak yolu ilə düz gedin».
 
Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar,
Şər adamı danlayan axırda ləkələnər.
Rişxəndçini danlama, yoxsa sənə nifrət edər,
Müdrik insanı danlasan, səni sevər.
Hikmətliyə öyüd versən, hikmətini artıracaq,
Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
 
10 *Əyy. 28:28; Zəb. 111:10; Sül. 1:7 Rəbb qorxusu hikmətin başlanğıcıdır,
Müqəddəsi tanımaq idraklı olmaqdır.
11 Hikmətin vasitəsilə ömrün-günün çoxalar,
Həyatına illər əlavə olar.
12 Əgər hikmət qazansan, özünə xeyir verərsən,
Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
Axmaqlıq yolu
13 Axmaq qadın hay-küy salır,
Cahildir, heç nə qanmır.
14 O, evinin qapısı önündə oturub,
Şəhərin uca yerlərində kətil üstə əyləşib,
15 Yoldan ötənləri,
Düz yolda olanları çağırır:
16 «Bura gəlin, ey cahillər!»
Qanmazlara belə deyir:
17 «Oğurluq su şirin olar,
Gizli yeyilən çörəyin başqa ləzzəti var».
18 Lakin yanına gələnlər bilməzlər ki,
Orada ölüm var,
Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.

*9:10 Əyy. 28:28; Zəb. 111:10; Sül. 1:7