2
Hikmətin dəyəri
1 Oğlum, əgər sözlərimi qəbul etsən,
Əmrlərimi qorusan,
2 Qulağını hikmətə tərəf çevirsən,
Ürəyini dərrakəyə tərəf meyl etdirsən,
3 Sən, həqiqətən, idrakı çağırsan,
Səs ucaldıb dərrakəni səsləsən,
4 Bunları gümüş kimi axtarsan,
Gizli xəzinə kimi arasan,
5 Onda Rəbb qorxusunu anlayarsan,
Allahı tanıyarsan.
6 Çünki Rəbb hikmət verir,
Onun ağzından bilik və dərrakə çıxır.
7 O, əməlisalehlərin sağlam şüurunu qoruyur,
Kamalla gəzənlərə sipər olur.
8 O, ədalətin yollarını qoruyur,
Möminlərin yollarını hifz edir.
9 Onda salehlik və ədaləti dərk edərsən,
İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10 Hikmət qəlbinə dolar,
Bilikdən könlün xoş olar.
11 İdrak səni hifz edər,
Dərrakə səni qoruyar.
12 Hikmət səni pislərin yolundan,
Sözü məkrli adamlardan qurtarar.
13 Onlar düz yolları atıblar,
Qaranlıq yollarda dolanırlar.
14 Şər iş görəndə şad olurlar,
Şərin məkrindən xoşhallanırlar.
15 Bu adamların yolları əyridir,
Onlar dolaşıq yollarla gedir.
16 Hikmət səni yad arvaddan,
Şirin dilli əxlaqsız qadından qurtarar.
17 Bu qadın gənc vaxtı getdiyi ərini atıb,
Allahının əhdini unudub.
18 Onun evi ölümə,
Yolları qəbiristanlığa aparar.
19 Yanına gələn kimsə geri qayıtmaz,
Bir daha həyat yollarına çatmaz.
20 Beləliklə, yaxşıların yolu ilə gedərsən,
Salehlərin yollarına bağlı qalarsan.
21 Çünki əməlisalehlər yer üzündə sakin olacaq,
Kamillər burada qalacaq.
22 Pis adamlar bu torpaqdan atılacaq,
Xainlərin kökü buradan qoparılacaq.