70
Məzmur 70
(Zəb. 40:13-17)
Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru.
Ey Allah, məni xilas et,
Ya Rəbb, dadıma tez çat!
Canımın qəsdinə duranlar
Qoy utanıb biabır olsunlar.
Pis günümdən zövq alanlar
Geri qovulub rüsvay olsunlar.
«Aha! Aha!» deyənlər
Xəcalət içində çaşıb-qalsınlar.
 
Lakin Səni axtaranlar
Sənə görə qoy şad olub sevinsinlər,
Verdiyin xilası sevənlər
Daim «Qoy ucalsın Allah!» desinlər.
Budur, bir məzlum, bir fəqirəm,
Ey Allah, Sən Özünü tez yetir.
Köməyim, xilaskarım Sənsən,
Ya Rəbb, ləngimə!