109
Məzmur 109
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Ey tərənnüm etdiyim Allah, susma!
Çünki pislər, hiyləgərlər ağzını açıb
Yalançı dilləri ilə məndən danışırlar.
Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər,
Nahaq yerə hücumlarına məruz qalıram.
Sevgimin əvəzinə mənə ittiham yağdırırlar,
Mən isə dua etməkdəyəm.
Yaxşılığımın əvəzinə yamanlıq edirlər,
Sevgimin əvəzinə nifrətlə cavab verirlər.
 
Belə adamın qarşısına bir pis insanı çıxar,
Sağ tərəfində dayanıb onu ittiham etsin!
Hökm oxunanda o təqsirkar çıxsın,
Qoy onun duası günah sayılsın!
*Həv. 1:20 Onun ömrü az olsun,
Vəzifəsini başqası tutsun!
Övladları yetim,
Arvadı isə dul qalsın!
10 Övladları didərgin düşüb dilənçi olsun,
Yaşamağa xarabalıq belə, tapmasın!
11 Sələmçilər hər şeyini əlindən alsın,
Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
12 Ona məhəbbət göstərən olmasın,
Yetim qalan balalarına yazığı gələn tapılmasın!
13 Qoy onun nəsli kəsilsin,
Gələcək nəslin arasından adları silinsin!
14 Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın,
Anasının günahı heç zaman yuyulmasın!
15 Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar,
Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16 Çünki məhəbbət göstərməyi unutdular,
Məzlumu, fəqiri, qəlbisınıqları
Həlak etmək üçün təqib etdilər.
17 Qarğış etməyi sevirdi, öz başına dönsün,
Alqış etməyi sevmirdi, ona əli çatmasın!
18 Ondan əynindəki paltar kimi qarğış çıxardı,
Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
19 Qarğışı onu əyninin libası kimi bürüsün,
Hər gün belinə kəmər tək dolansın!
 
20 Məni ittiham edənlər,
Mənim barəmdə pis sözlər söyləyənlər
Rəbbin cəzasına gəlsinlər!
 
21 Lakin, ey Xudavənd Rəbb, ismin naminə
Özün mənə qayğı göstər,
O gözəl məhəbbətinə görə məni azad et.
22 Çünki mən məzlum və fəqir insanam,
Köksümdəki ürəyimdən yaralanmışam.
23 Düşən kölgə kimi itirəm,
Vurulub atılan çəyirtkəyə bənzəyirəm.
24 Bax oruc tutmaqdan dizlərim əsir,
Bir dəri, bir sümük qalmışam.
25 *Mat. 27:39; Mark 15:29 Görənlər mənə lağ edir,
Başlarını yelləyir.
 
26 Ya Rəbb Allahım, Sən mənə kömək et,
Məhəbbətinə görə məni qurtar.
27 Bilsinlər ki, bu Sənin əlindədir,
Ya Rəbb, Sən bunu edə bilərsən.
28 Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver,
Qoy onlar əleyhimə qalxarkən utansınlar.
Sənin qulunam, qoy sevinim!
29 İttihamçılarım rüsvayçılığa bürünsünlər,
Xəcaləti xalat kimi geyinsinlər.
 
30 Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək,
Xalq içində Ona həmd edəcək.
31 Çünki O, fəqirin sağ tərəfində dayanar ki,
Edam hökmü verənlərin əlindən onu qurtarsın.

*109:8 Həv. 1:20

*109:25 Mat. 27:39; Mark 15:29