108
Məzmur 108
(Zəb. 57:7-11; 60:5-12)
Bir ilahi.
Davudun məzmuru.
Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb,
Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
Ey çəng və lira, oyan!
Qoy səhəri oyadım.
Ya Rəbb, xalqlar arasında
Sənə şükür edəcəyəm.
Ümmətlər arasında
Səni tərənnüm edəcəyəm.
Məhəbbətin böyükdür, göylərdən ucadır,
Sədaqətin buludlara çatır.
 
Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!
Sevdiyin insanların xilas olması üçün
Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
 
Allah Öz müqəddəs məskənindən belə söylədi:
«Şekemi sevinclə bölüşdürəcəyəm,
Sukkot dərəsini böləcəyəm.
Gilead torpağı Mənimdir,
Menaşşe torpağı Mənimdir,
Efrayim başımın dəbilqəsidir,
Yəhuda Mənim əsamdır.
Moav yuyunmaq üçün ləyənimdir,
Çarığımı ataraq Edomu tutacağam,
Zəfər harayını Filiştə salacağam».
 
10 Kim məni istehkamlı şəhərə apara bilər?
Edoma qədər kim mənə yol göstərə bilər?
11 Ay Allah, niyə bizi atmısan?
Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
12 Düşmənin qarşısında bizə imdad et,
Çünki insanın köməyi puçdur.
13 Allahın köməyi ilə şücaət göstərəcəyik,
O, düşmənlərimizi tapdalayacaq!