Beşinci hissə
107
107-150-ci məzmurlar
Məzmur 107
1 *1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezra 3:11; Zəb. 100:5; 106:1; 118:1; 136:1; Yer. 33:11 Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir!
2 Qoy belə söyləsin Rəbbin xilas etdikləri,
Düşmən əlindən qurtardıqları,
3 Şərqdən, qərbdən, şimaldan və cənubdan –
Ölkələrdən topladıqları.
4 Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar,
Yaşamaq üçün heç bir şəhər tapmırdılar.
5 Aclıqdan, susuzluqdan
Canlarının taqəti getmişdi.
6 Onlar dara düşəndə Rəbbə fəryad etdilər,
Rəbb onları dərdlərindən qurtardı.
7 Yaşamaq üçün onlar bir şəhərə çatanadək
Onları düz yolla apardı.
8 Rəbbə şükür etsinlər məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
9 Çünki O, susuzlara doyunca su verər,
Acları bol nemətlərlə bəslər.
10 Bəziləri əsir düşüb zülmətdə yaşayırdı,
Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı.
11 Çünki Allahın sözlərinə qarşı çıxmışdılar,
Haqq-Taalanın məsləhətinə xor baxmışdılar.
12 Ona görə ağır işlə onların ürəklərinə əzab verdi,
Yıxılanda heç kim onlara kömək etmədi.
13 Onlar dara düşəndə Rəbbə fəryad etdilər,
Rəbb onları dərdlərindən qurtardı.
14 Onların buxovlarını qopardı,
Zülmətdən, qaranlıqdan çıxardı.
15 Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
16 Çünki O, tunc qapıları qırar,
Dəmir cəftələri qoparar.
17 Bəzilərinin ağlı çaşıb üsyankar oldu,
Təqsirləri onları zülmə saldı.
18 Hər yeməkdən iyrəndilər,
Ölüm qapılarına yaxın gəldilər.
19 Dara düşərkən Rəbbə fəryad qopardılar,
Rəbb onları dərdlərindən qurtardı.
20 Kəlamını göndərib onlara şəfa verdi,
Məzara düşməkdən onları xilas etdi.
21 Rəbbə şükür etsinlər məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
22 Qoy şükür qurbanlarını təqdim etsinlər,
Əməllərinə mədh oxuyub bəyan etsinlər!
23 Bəziləri gəmilərlə dənizlərdə üzdülər,
Dəryalarda böyük işlər gördülər.
24 Orada Rəbbin əməllərinə,
Dərin sularda etdiyi xariqələrinə şahid oldular.
25 Çünki Onun əmri ilə qasırğa qopdu,
Dənizin dalğaları qalxdı.
26 Gəmiçilər göyə qalxıb dərinə enirdi,
Qorxudan canları əldən gedirdi.
27 Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi,
Ağıllarına heç bir çarə gəlmirdi.
28 Onlar dara düşəndə Rəbbə fəryad etdilər,
Rəbb onları dərdlərindən qurtardı.
29 Qasırğanı yatırdı, sükut gətirdi,
Dalğaları sakit etdi.
30 Sakitlik yarananda onlar çox sevindilər,
Rəbb də onları istədikləri limana çatdırdı.
31 Rəbbə məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!
32 Qoy Onu xalqın toplantısında ucaltsınlar,
Ona ağsaqqallar məclisində həmd etsinlər!
33 O, çayları qurudub səhra edər,
Bulaqlar olan yeri quraq çölə döndərər,
34 Orada yaşayanların pisliyinə görə
Münbit torpağı şoranlığa çevirər.
35 Səhranı gölməçəyə döndərər,
Quraq torpaqdan bulaqlar çıxardar.
36 Oranı verər ki, aclar məskən salsınlar,
Yaşamaq üçün özlərinə şəhər qursunlar,
37 Tarlanı əksinlər, üzümlüklər salsınlar.
Bol məhsul götürsünlər.
38 Onun xeyir-duası ilə törəyib artırlar,
Heyvanlarının sayı azalmır.
39 Sonra əzabdan, darlıqdan, bəlalardan
Onlar azalıb alçaldılan an
40 *Əyy. 12:21,24 Rəbb əsilzadələrin üstünə həqarət yağdırar,
Onları sonsuz çöldə sərgərdan dolandırar.
41 Amma fəqiri zülm altından qaldırar,
Övladlarını sürü kimi çoxaldar.
42 Bunu görən əməlisalehlər şad olar,
Fitnə söyləyən ağızlarsa yumular.
43 Kimin ağlı varsa, qoy buna fikir versin,
Qoy Rəbbin məhəbbətini dərk etsin!