33
Vətənə qayıtmaq vədi
1 Yeremya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu. 2 O dedi: «Dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb Olan belə deyir: 3 “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.
4 Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı sipər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yəhuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir: 5 “Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak etdiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların etdikləri pisliklərə görə bu şəhərdən üz döndərdim. 6 Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. 7 Yəhuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm. 8 Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam. 9 Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.
10 Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində 11 *1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezra 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; 136:1 sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək:
‹Ordular Rəbbinə şükür edin,
Çünki O, xeyirxahdır,
Məhəbbəti əbədidir›.
Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir.
12 Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq. 13 Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.
14 *Yer. 23:5-6 Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.
15 O zaman, o günlər
Davud üçün saleh bir Pöhrə yetişdirəcəyəm.
O, ölkədə ədalət və salehliklə davranacaq.
16 O günlər Yəhuda xilas olacaq,
Yerusəlim əmin-amanlıqda yaşayacaq.
O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.
17 *2Şam. 7:12-16; 1Pad. 2:4; 1Saln. 17:11-14 Rəbb belə deyir: “Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq. 18 *Say. 3:5-10 Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq”».
19 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 20 «Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz, 21 eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz. 22 Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”».
23 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 24 «Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar. 25 Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum, 26 eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».