32
Yeremyanın tarla alması
*2Pad. 25:1-7 Yəhuda padşahı Sidqiyanın padşahlığının onuncu, Navuxodonosorun padşahlığının on səkkizinci ilində Rəbdən Yeremyaya söz nazil oldu. Bu zaman Babil padşahının ordusu Yerusəlimi mühasirəyə almışdı. Yeremya peyğəmbər Yəhuda padşahının sarayındakı mühafizəçilər həyətində məhbus idi. Yəhuda padşahı Sidqiya onu burada həbs edərək demişdi: «Sən nə üçün bu cür peyğəmbərlik edib söyləyirsən ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm, o buranı ələ keçirəcək. Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq. Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir».
Yeremya dedi: «Mənə Rəbbin bu sözü nazil oldu: “Əmin Şallum oğlu Xanamel sənin yanına gəlib deyəcək ki, Anatotdakı tarlamı satın al. Çünki qəyyumum kimi tarlamın geri satınalma hüququ sənə məxsusdur”. Sonra Rəbbin sözünə uyğun olaraq əmim oğlu Xanamel mühafizəçilər həyətində yanıma gəlib dedi: “Binyamin bölgəsində olan Anatotdakı tarlamı satın al, çünki miras haqqı da, qəyyumluq haqqı da sənə məxsusdur. Onu özün üçün satın al”. O zaman Rəbb sözünün yerinə yetdiyini başa düşdüm.
Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim. 10 Satış qəbzini çağırdığım şahidlərin önündə imzalayıb möhürlədim, gümüşü tərəzidə çəkdim. 11 Qayda-qanunlar yazılmış, möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürdüm. 12 Əmim oğlu Xanamelin, satış qəbzini imzalayan şahidlərin və mühafizəçilər həyətində oturan bütün Yəhudalıların gözü önündə satış qəbzini Maxseya oğlu Neriya oğlu Baruka verdim. 13 Onların gözü önündə Baruka əmr edib dedim: 14 “İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: ‹Uzun müddət qalsın deyə bu möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürüb bir gil qabın içinə qoy›”. 15 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu ölkədə yenə evlər, tarlalar və bağlar satın alınacaq”.
16 Satış qəbzini Neriya oğlu Baruka verdikdən sonra Rəbbə dua edib dedim: 17 “Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur. 18 Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların etdiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın Ordular Rəbbidir. 19 Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən. 20 Sən Misirdə, İsraildə və bütün insanlar arasında bu günə qədər əlamətlər və möcüzələr göstərdin. Bu gün olduğu kimi şöhrət qazandın. 21 Sən Öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın. 22 Atalarına verəcəyinə and içdiyin bu torpağı – süd və bal axan torpağı onlara verdin. 23 Onlar gəlib torpağı özlərinə mülk etdilər, amma Sənin sözünə qulaq asmadılar, Sənin qanununa uyğun yaşamadılar, əmr etdiyin şeylərin heç birinə əməl etmədilər. Buna görə də bütün bu fəlakətləri başlarına gətirdin. 24 Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən! 25 Amma, ya Xudavənd Rəbb, Sən mənə ‹tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır› dedin. Şəhər isə Xaldeylilərə təslim edilir”».
26 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 27 «Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim bir şey varmı? 28 *2Pad. 25:1-11; 2Saln. 36:17-21 Buna görə də Rəbb belə deyir: “Bax Mən bu şəhəri Xaldeylilərə və Babil padşahı Navuxodonosora təslim edəcəyəm, o da oranı alacaq. 29 Şəhərə hücum edən Xaldeylilər gəlib oraya od vuracaq. Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında Baalın şərəfinə buxur yandırıb başqa allahlara içmə təqdimləri gətirərək Məni qəzəbləndirmişdilər. 30 Çünki İsrail və Yəhuda övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları əllərinin işi ilə Məni qəzəbləndirməkdən başqa bir şey etmədi” Rəbb belə bəyan edir. 31 “Bu şəhər tikildiyi vaxtdan indiyə qədər Məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd edib atacağam. 32 Çünki İsrail və Yəhuda övladlarının – özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yəhudada və Yerusəlimdə yaşayanların Məni qəzəbləndirmək üçün etdikləri pisliklərin sayı-hesabı yoxdur. 33 Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar. 34 *2Pad. 23:10; Yer. 7:30-31; 19:1-6 Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar. 35 *Lev. 18:21 *2Pad. 23:10; Yer. 7:31 Ben-Hinnom vadisində Molek bütünə qurban olaraq oğullarını və qızlarını odda qurban etməkdən ötrü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi etməyi və Yəhudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim.
36 Siz bu şəhər barədə ‹qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir› deyirsiniz”. Amma indi İsrailin Allahı Rəbb deyir: 37 “Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. 38 Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam. 39 Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər. 40 Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq etməkdən dönməyəcəyəm, ürəklərinə Öz qorxumu qoyacağam ki, Məndən heç vaxt ayrılmasınlar. 41 Onlara yaxşılıq etməyə şad olacağam. Həqiqətən, bütün ürəyimlə, bütün canımla onları bu ölkədə dirçəldəcəyəm”.
42 Rəbb belə deyir: “Bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş edəcəyəm. 43 Sizin ‹viran olmuş, insansız, heyvansız qalmış, Xaldeylilərə təslim olunmuş› dediyiniz bu torpaqda yenə tarlalar satın alınacaq. 44 Binyamin bölgəsində, Yerusəlim ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində, dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin və Negevin şəhərlərində tarlalar gümüşlə satın alınacaq, satış qəbzləri şahidlərin önündə imzalanıb möhürlənəcək, çünki onların sürgün olunmuşlarını geri qaytaracağam” Rəbb belə bəyan edir».

*32:1 2Pad. 25:1-7

*32:28 2Pad. 25:1-11; 2Saln. 36:17-21

*32:34 2Pad. 23:10; Yer. 7:30-31; 19:1-6

*32:35 Lev. 18:21

*32:35 2Pad. 23:10; Yer. 7:31