7
Məbəddə bütpərəstlik
Rəbdən Yeremyaya bu söz nazil oldu: «Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yollarınızı və əməllərinizi islah edin ki, Mən sizi bu yerdə yaşamağa qoyum. ‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin. Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz, qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız, o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam.
Siz isə faydasız olan yalan sözlərə güvənirsiniz. Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. 10 Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz. 11 *Mat. 21:13; Mark 11:17; Luka 19:46 Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir.
12 *Yeşua 18:1; Zəb. 78:60; Yer. 26:6 “İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”. 13 Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz. 14 Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm. 15 Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm.
16 Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam. 17 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi? 18 Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”. 19 Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?” 20 Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.
21 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yandırma qurbanlarınızı başqa qurbanlarınıza qatıb ət yeyin. 22 Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. 23 Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. 24 Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. 25 Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. 26 Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər.
27 Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”. 28 Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.
29 Ey Yerusəlim, saçını kəsib at,
Çılpaq təpələr üzərində mərsiyə oxu,
Çünki Rəbb qəzəbləndiyi nəsli
Rədd edib tərk etdi.
30 Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar. 31 *Lev. 18:21 *2Pad. 23:10; Yer. 32:35 Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom vadisindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”».
32 Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom vadisi deyil, Qırğın vadisi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar. 33 *Qanun. 28:26 Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq. 34 *Yer. 16:9; 25:10; Vəhy 18:23 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq».

*7:11 Mat. 21:13; Mark 11:17; Luka 19:46

*7:12 Yeşua 18:1; Zəb. 78:60; Yer. 26:6

*7:31 Lev. 18:21

*7:31 2Pad. 23:10; Yer. 32:35

*7:33 Qanun. 28:26

*7:34 Yer. 16:9; 25:10; Vəhy 18:23