23
Padşah və xalqın Rəbb ilə əhd bağlaması
(2Saln. 34:3-7,29-30)
1 Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 2 Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 3 Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
Yoşiyanın bütpərəstliyi aradan qaldırması
4 *2Pad. 21:3; 2Saln. 33:3 Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astana keşikçilərinə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı. 5 O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi. 6 Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı. 7 Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular. 8 Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı. 9 Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər. 10 *Lev. 18:21 *Yer. 7:31; 19:1-6; 32:35 Yoşiya Ben-Hinnom vadisində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin. 11 O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı. 12 *2Pad. 21:5; 2Saln. 33:5 Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi. 13 *1Pad. 11:7 Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi. 14 O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.
15 *1Pad. 12:33 Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı. 16 *1Pad. 13:2 Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi. 17 *1Pad. 13:30-32 Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi». 18 O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar. 19 Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi. 20 Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
Yoşiyanın Pasxa bayramını keçirməsi
(2Saln. 35:1-19)
21 Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin». 22 İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi. 23 Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.
24 Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi. 25 Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.
26 Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi. 27 Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
Yoşiyanın ölümü
(2Saln. 35:20–36:1)
28 Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 29 *Zək. 12:11; Vəhy 16:16 Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü. 30 Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
Yəhuda padşahı Yehoaxaz
(2Saln. 36:2-4)
31 Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 32 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 33 Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. 34 *Yer. 22:11-12 Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü. 35 Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
Yəhuda padşahı Yehoyaqim
(2Saln. 36:5-8)
36 *Yer. 22:18-19; 26:1-6; 35:1-19 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi. 37 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.