12
Yerusəlimin xilas edilməsi
1 Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir: 2 «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq. 3 O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək. 4 O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm. 5 Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.
6 O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.
7 Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın. 8 Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq. 9 O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam.
10 *Yəh. 19:37; Vəhy 1:7 Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək. 11 *2Pad. 23:29; Vəhy 16:16 O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq. 12 Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı, 13 Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq. 14 Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq.