16
Fəlakət dövrü
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın. 3 Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir: 4 “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”.
5 Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir. 6 “Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq. 7 Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək. 8 Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”. 9 *Yer. 7:34; 25:10; Vəhy 18:23 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”.
10 Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?” 11 Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər. 12 Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz. 13 Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”».
14 Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər, 15 amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam».
16 Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar. 17 Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz. 18 İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular».
19 Ya Rəbb, qüvvətim və qalam,
Sıxıntı günündə sığınacağım!
Millətlər yer üzünün qurtaracağınadək hər yerdən
Sənin yanına gəlib deyəcək:
«Atalarımız saxta və puç bütlərə –
Heç bir fayda görmədikləri şeylərə varis oldu.
20 Adam da özünə bütlər düzəldər?
Axı onlar allah deyil.
21 Buna görə də onlara göstərəcəyəm,
Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm.
Onda biləcəklər ki, adım Rəbdir.