8
Rəbb bəyan edir: «O vaxt Yəhuda padşahlarının və başçılarının, kahinlərinin, peyğəmbərlərin və Yerusəlimdə yaşayanların sümüklərini qəbirlərindən çıxarıb atacaqlar. Onların sümükləri sevdikləri, qulluq etdikləri, tərəfdarı olduqları, müraciət və səcdə etdikləri günəşin, ayın və bütün səma cisimlərinin önünə töküləcək. Onlar bir yerə yığılıb basdırılmayacaq, torpağın üstündə peyin kimi olacaq. *Əyy. 3:21; Vəhy 9:6 Bu pis tayfadan sağ qalanların hamısı sürgün etdiyim hər yerdə həyatı yox, ölümü seçəcək» Ordular Rəbbi belə bəyan edir.
Günah və mükafat
Onlara söyləyəcəksən ki, Rəbb belə deyir:
«Yıxılanlar qalxmazmı?
Yoldan azan geri qayıtmazmı?
Bəs nə üçün bu xalq yoldan azdı?
Nə üçün Yerusəlim daim dönüklük edir?
Onlar yalandan bərk yapışıb,
Dönmək istəmir.
Mən diqqət edib qulaq asdım:
Heç kəs düz danışmır,
“Nə etdim?” deyib öz pisliyindən tövbə etmir.
Hər biri döyüşə atılan at kimi
Öz yoluna tərəf dönür.
Hətta göydə uçan leylək də
Öz vaxtını bilir,
Qumru, qaranquş, durna da
Uçub gələcəkləri vaxtı gözləyir,
Amma Mənim xalqım Rəbbin hökmlərini bilmir.
 
Nə haqla deyirsiniz ki, biz müdrikik,
Rəbbin Qanunu bizdədir?
Budur, alimlərin hiyləgər qələmi
Onu yalan şərh edir.
Müdriklər rüsvay oldu,
Çaşıb tora düşdü.
Onlar Rəbbin sözünü rədd etdi.
Bəs onların müdrikliyi nədədir?
10 *Yer. 6:12-15 Buna görə də arvadlarını başqa adamlara,
Tarlalarını isə başqa sahiblərə verəcəyəm,
Ona görə ki böyükdən kiçiyə qədər
Hər kəs haram qazanc dalınca qaçır.
Peyğəmbərdən kahinə qədər
Hər biri yalan iş görür.
11 *Yer. 6:14; Yez. 13:10 Əziz xalqımın yarasını
Yüngülcəsinə müalicə edirlər.
“Sülh, sülh” deyirlər,
Amma sülh yoxdur.
12 İyrənc işlər görəndə utanırlarmı?
Yox, heç utanmırlar,
Utanıb-qızarmaq bilmirlər.
Buna görə yıxılanlar arasında
Onlar da olacaq.
Onları cəzalandırdığım vaxt
Yerə səriləcəklər» deyir Rəbb.
 
13 «Onları qırıb-çatacağam»
Rəbb belə bəyan edir.
«Tənək üzüm gətirməyəcək,
Əncir ağacı bar verməyəcək,
Yarpaqlar solacaq.
Mən onlara nə verdimsə,
Hamısı əllərindən alınacaq».
 
14 «Nə üçün yerimizdə oturmuşuq?
Yığılın, gedib qalalı şəhərlərə girək,
Orada həlak olaq,
Çünki Allahımız Rəbb
Bizi ölümə təslim etdi,
Bizə zəhərli su içirdi,
Ona görə ki Rəbbə qarşı günah etdik.
15 Sülh gözləyirik, amma xeyir gəlmir.
Şəfa vaxtını gözləyirik,
Amma dəhşət gəlir.
16 Dandan onların atlarının fınxırtısı eşidilir,
Ayğırlarının kişnəmə səsindən
Bütün ölkə titrəyir.
Onlar gəlir,
Torpağı və orada olan hər şeyi,
Şəhəri və orada yaşayanları yeyib-qurtarır.
17 Baxın Mən üstünüzə ilanlar,
Ovsunla ram olmayan gürzələr göndərəcəyəm,
Onlar sizi sancacaq» Rəbb belə bəyan edir.
Yeremyanın xalqın taleyi üçün narahatlığı
18 Dərdimə təsəlli yoxdur,
Ürəyim köksümdə taqətsizdir.
19 Baxın uzaq ölkədən
Əziz xalqımın fəryadını eşidirəm:
«Məgər Rəbb Sionda yoxdur?
Onun padşahı orada deyilmi?
 
Onlar nə üçün oyma bütləri,
Yad olan puç şeyləri ilə
Məni qəzəbləndirirlər?
 
20 Biçin sona çatdı, yay qurtardı,
Biz xilas olmadıq».
 
21 Əziz xalqımın yarasından
Mən də yaralandım,
Yas tutub dəhşətə gəldim.
22 Məgər Gileadda məlhəm yoxdur?
Orada həkim yoxdur?
Əgər varsa,
Əziz xalqıma nə üçün şəfa verilmədi?
 

*8:3 Əyy. 3:21; Vəhy 9:6

*8:10 Yer. 6:12-15

*8:11 Yer. 6:14; Yez. 13:10