13
Yalançı peyğəmbərlərin cəzalanması
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər. 3 Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb. 4 Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir. 5 Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız. 6 Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. 7 Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.
8 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir. 9 “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. 10 *Yer. 6:14; 8:11 Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. 11 Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. 12 Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”
13 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. 14 Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 15 Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də. 16 O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir.
17 Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib 18 söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız? 19 Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız”.
20 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad edəcəyəm. 21 Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 22 Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın. 23 Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».