3
Əyyubun gileyi
1 *Yer. 20:14-18 Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi. 2 Dilə gəlib belə dedi:
3 «Kaş ki mən doğulan gün yox olaydı,
“Oğlun oldu!” deyilən gecə yox olaydı.
4 O gün qara gələydi,
Allah göydən o günün qayğısına qalmayaydı,
O gün üçün sabah açılmayaydı.
5 O günü zülmət, qatı qaranlıq bürüyəydi,
Üzünü bulud tutaydı,
Nurunu qaranlıq batıraydı.
6 O gecəni zil qaranlıq udub yeyəydi,
İlin günləri arasında fərəh tapmayaydı,
Ayın günləri sırasına girməyəydi.
7 Kaş o gecə qısır olaydı,
Sevincsiz, səssiz qalaydı!
8 Günlərə lənət oxuyanlar,
Livyatanı *Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı. oyatmağa mahir olanlar
Qoy o günə lənət yağdırsın.
9 Dan ulduzları sönəydi,
İşığa olan ümidləri boşa çıxaydı,
Sübhün nuru görünməyəydi.
10 Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı,
Gözlərimi əzabsız saxlamadı.
11 Niyə doğulanda mən ölmədim,
Bətndən çıxarkən nəfəsim kəsilmədi?
12 Niyə məni dizlərin arasından aldılar,
Əmizdirmək üçün ağzıma döş saldılar?
13 Belə olmasaydı, indi rahat uzanardım,
Yatıb dincələrdim
14 Özləri üçün viranə şəhərləri tikən
Dünya padşahları və müşavirlərlə,
15 Evlərini gümüşə qərq edən
Qızıl xəzinəsi olan rəhbərlərlə.
16 Niyə bətndən yarımçıq uşaq tək düşmədim?
Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım?
17 Orada pis adamlar belə, kini atır,
Yorğunlar rahatlıq tapır,
18 Məhbuslar dinc yaşayır,
Nəzarətçinin səsi çıxmır.
19 Orada kiçik də, böyük də vardır,
Qul ağasından da azaddır.
20 Niyə əzab çəkənlər işıq üzü görür,
Əziyyət içində olanlar həyata gəlir?
21 *Yer. 8:3; Vəhy 9:6 Ölüm arzulayırlar amma tapmırlar,
Dəfinə axtarmaqdan da çox onu axtarırlar,
22 Onlar məzar tapanda fərəhlənər,
Şadlanaraq sevinər.
23 Hara getdiyi bilinməyən insana,
Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir?
24 Çörəkdən əvvəl ah-zar gəlir,
Nalələrim sular kimi tökülür.
25 Çəkindiyim şeylər üzərimə tökülür,
Qorxduğum şeylər başıma gəlir.
26 Rahatlığım, sakitliyim, dincliyim yoxdur,
Ancaq sıxıntım vardır».