19
Efesdə
1 Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. 2 Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?» Onlar dedilər: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur». 3 Paul onlardan soruşdu: «Elə isə nəyə əsasən vəftiz oldunuz?» Onlar cavab verdilər: «Yəhyanın vəftizinə əsasən». 4 *Mat. 3:11; Mark 1:4,7-8; Luka 3:4,16; Yəh. 1:26-27Paul dedi: «Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra Gələnə, yəni İsaya iman etməyə çağırdı». 5 Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldular. 6 Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar. 7 Onlar təxminən on iki kişi idi.
8 Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı. 9 Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu*İsa yolunu – hərfi tərcümədə Yolu. pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi. 10 Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi.
11 Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. 12 Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı. 13 Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!» 14 Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi. 15 Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?» 16 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.
17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü. 18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi. 19 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi. 20 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.
21 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm». 22 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
Efesdəki qarışıqlıq
23 O ərəfədə İsa yolu†İsa yolu – hərfi tərcümədə Yol. ilə bağlı böyük bir qarışıqlıq yarandı. 24 Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. 25 O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. 26 Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz. 27 Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».
28 Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!» 29 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. 30 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar. 31 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın. 32 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib. 33 Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi. 34 Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı. 35 İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? 36 Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. 37 Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. 38 Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər. 39 Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. 40 Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik». 41 O bu sözləri deyərək yığıncağı dağıtdı.
*19:4 Mat. 3:11; Mark 1:4,7-8; Luka 3:4,16; Yəh. 1:26-27
*19:9 İsa yolunu – hərfi tərcümədə Yolu.
†19:23 İsa yolu – hərfi tərcümədə Yol.