3
1 Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:
2 “Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam.
Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”.
Peyğəmbərlik işi
3 İki nəfər razılaşıb görüşməsə,
Birgə yol gedərmi?
4 Şikarı olmayan şir
Meşədə nərə çəkərmi?
Heç nə ovlamamış gənc aslan
Yuvasında nərildəyərmi?
5 Yerdə tələ qurub yem qoyulmazsa,
Oraya quş düşərmi?
Bir şey tutmayan tələ
Yerindən atılarmı?
6 Şəhərdə şeypur çalınarsa,
Xalq qorxuya düşməzmi?
Əgər Rəbb bəla göndərməsə,
Hansısa bir şəhərə bəla gələrmi?
7 Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə
Öz niyyətini açmadan heç nə etmir.
8 Şir nərə çəkəndə
Kim ondan qorxmaz?
Xudavənd Rəbb söyləyəndə
Kim peyğəmbərlik etməz?
Samariyanın taleyi
9 Aşdodun qalalarında,
Misir torpağının qalalarında belə elan edin:
“Samariya dağlarının üzərinə yığılın.
Oradakı böyük qarışıqlığı,
Onun içindəki təzyiqi görün”.
10 Rəbb bəyan edir:
“Hətta düz iş görməyi bacarmırlar.
Onlar qalalarına zorakılıqla,
Soyğunçuluqla qənimət yığır”.
11 Ona görə də Xudavənd Rəbb belə deyir:
“Düşmən gəlib ölkəni mühasirəyə alacaq,
Səni gücdən salıb qalalarını qarət edəcək”.
12 Rəbb belə deyir:
“Çoban şir ağzından necə iki bud sümüyü
Yaxud qulağın bir parçasını çəkib qurtararsa,
Samariyada divan üzərində,
Dəməşqdə yataqda oturan
İsrail övladları da eləcə xilas olacaq”.
13 “Buna qulaq asın!
Yaqub nəslinə xəbərdarlıq edin!”
Ordular Allahı Xudavənd Rəbb belə deyir.
14 *2Pad. 23:15 “Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün
Bet-Eldəki qurbangahı da cəzalandıracağam.
O qurbangahın buynuzları kəsilib yerə tullanacaq.
15 Mən qış sarayı ilə yay sarayını yıxacağam,
Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq,
Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir.