11
Zəhmətin qiyməti
Çörəyini suların üzünə burax,
Çünki uzun müddət sonra yenə onu taparsan.
Yeddi ya səkkiz adama pay ver,
Çünki bilmirsən ki,
Ölkədə necə bir pis gün olacaq.
Əgər buludlar su ilə dolu olsa,
Yağışlarını yer üzünə səpər.
Əgər bir ağac cənub ya şimal
Səmtinə yıxılsa,
Elə yıxıldığı yerdə də qalar.
Küləyə baxan toxum səpməz,
Buludlara baxan əkdiyini biçməz.
 
Küləyin səmtini,
Hamilə qadının qarnında
Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi
Hər şeyi yaradan
Allahın işlərindən də xəbərsizsən.
Toxumunu səhər vaxtı səp,
Axşama qədər də əlin boş durmasın.
Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq
Yoxsa sonrakı
Yaxud hər ikisi birlikdə.
Yaradanı unutma
Həqiqətən, işıq gözəldir,
Günəşi görmək gözlərə xoşdur.
Əgər insan uzun ömür sürürsə,
Qoy sevinclə yaşasın.
Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın,
Çünki onlar daha çox olacaq.
Baş verəcək hər şey puçdur.
 
Ey gənc, cavanlığında sevin,
Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin.
Ürəyinin istədiyi ilə,
Gözlərinin gördüyü ilə get.
Ancaq bil ki, Allah
Bunların hamısına görə
Səni mühakimə edəcək.
10 Buna görə də təşvişi ürəyindən qov,
Əzabı bədənindən uzaqlaşdır.
Çünki cavanlıq da,
Cavanlıqdakı güc də puçdur.