12
1 Pis günlər gəlməzdən qabaq,
“Onlardan zövq almıram” deyəcəyin illər
Yaxınlaşmazdan əvvəl,
Cavanlıq günlərində
Səni Yaradanı xatırla.
2 Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl,
Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl
Onu xatırla.
3 O gün gələndə
Evi qoruyanlar tir-tir əsəcək,
Güclülər əyiləcək,
Əl dəyirmanı ilə işləyənlər
Az olduqları üçün
Dən üyüdə bilməyəcək,
Pəncərədən baxanlar qaralacaq.
4 Küçəyə açılan qapılar bağlanacaq,
Dəyirmanların səsi kəsiləcək.*Burada rəmzi izah mümkündür: evi qoruyanlar – əl-qol, güclülər – ayaqlar, əl dəyirmanı ilə işləyənlər – dişlər, pəncərədən baxanlar – gözlər, küçəyə açılan qapılar – qulaqlar, dəyirmanlar – dişlər mənasını verə bilər.
Adamlar quş səsi ilə oyanacaq,
Nəğmə oxuyan bütün qızların səsini
Zəif eşidəcəklər.
5 O zaman onlar uca yerdən qorxacaq,
Yolda yerimək də təhlükəli olur.
Bax badam ağacı çiçək verir,
Çəyirtkə özünü güclə çəkir,
Həvəsi zəifləyir.
Beləcə insan son mənzilə gedir,
Yas tutanlar küçələrə düşür.
6 Gümüş iplər qopmamış,
Qızıl kasa qırılmamış,
Bulaq başında kuzə tikə-tikə olmamış,
Quyu yanında çarx sınmamış,†Bu sözlər insanın bədən üzvlərinin çürüməsini təsvir edən rəmzi ifadələr də ola bilər.
7 Torpaq gəldiyi yerə qayıtmamış,
Həyat nəfəsi isə onu verən Allaha dönməmiş‡Bax: Yar. 2:7.
Səni Yaradanı xatırla».
8 Vaiz deyir:
«Hər şey puçdur, tamam puçdur».
Son söz
9 Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi. 10 Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur. 11 Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.
12 Bunlardan başqa, oğlum, sən buna diqqət et ki,
Çox kitab yazmağın axırı yoxdur,
Çox oxumaq adamı yorur.
13 Hər şey aşkar oldu,
Nəticə bundan ibarətdir:
Allahdan qorx,
Onun əmrlərini yerinə yetir.
Bəli, insanın əsas vəzifəsi budur.
14 Çünki Allah hər işi, gizli olan hər şeyi –
İstər yaxşı olsun, istər pis –
Mühakimə edəcək.
*12:4 Burada rəmzi izah mümkündür: evi qoruyanlar – əl-qol, güclülər – ayaqlar, əl dəyirmanı ilə işləyənlər – dişlər, pəncərədən baxanlar – gözlər, küçəyə açılan qapılar – qulaqlar, dəyirmanlar – dişlər mənasını verə bilər.
†12:6 Bu sözlər insanın bədən üzvlərinin çürüməsini təsvir edən rəmzi ifadələr də ola bilər.