4
Mordokayın Esterdən imdad istəməsi
Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı. O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi. Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı.
Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi. Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin. Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi. Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi. Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.
Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı. 10 Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi: 11 «Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur». 12 Esterin bu sözləri Mordokaya çatdırıldı.
13 Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan. 14 Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?» 15 Ester Mordokayın bu cavabı qarşısında belə söylədi: 16 «Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».
17 Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.