5
Esterin ziyafəti
1 Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu. 2 O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu. 3 Padşah ona dedi: «Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm». 4 Ester dedi: «Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin».
5 Padşah dedi: «Hamanı tez buraya gətirin, Esterin sözünü yerinə yetirək!» Padşahla Haman Esterin qurduğu ziyafətə gəldi. 6 Şərab içiləndə padşah Esterə dedi: «Arzun nədir? De, sənə verim! İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm».
7 Ester cavab verdi: «Arzu-istəyim budur: 8 Əgər padşahın gözündə lütf tapdımsa və mənim arzu-istəyimi yerinə yetirmək padşaha xoş görünürsə, padşahla Haman onlar üçün quracağım yeni ziyafətə gəlsin. Mən də sabah padşahın sualına cavab verərəm».
Hamanın Mordokayı edam etdirmək niyyəti
9 O gün Haman sevinclə, könlü xoş oradan çıxdı, lakin saray darvazasında Mordokayın ayağa qalxmadığını və hüzurunda yerindən belə, tərpənmədiyini görəndə köksü Mordokaya qarşı qəzəblə doldu. 10 Haman özünü ələ alaraq evə getdi. Adam göndərib dostlarını və arvadı Zereşi çağırtdırdı. 11 Onlara cah-calalından, çoxlu oğullarından, padşahın neçə dəfə rütbəsini qaldıraraq ona digər rəislərdən və əyanlardan üstün mövqe verməsindən danışdı. 12 O belə dedi: «Bəli, mələkə Ester də qurduğu ziyafətə padşahla bərabər gəlmək üçün məndən başqa kimsəni layiq görmədi. Sabah da o məni padşahla bərabər ziyafətə dəvət edib. 13 Amma mən Yəhudi Mordokayı saray darvazasında oturan görəndə gözümdə hər şey qiymətdən düşür». 14 Arvadı Zereş və dostları belə dedi: «Hündürlüyü əlli qulac olan bir dar ağacı düzəltdir. Səhər açılanda isə padşaha söylə ki, Mordokayı ondan asdırsın və padşah ziyafətinə əhvalı xoş get». Bu sözlər Hamanın ürəyinə yatdı və dar ağacı düzəltdirdi.