6
Padşahın Mordokayı şərəfləndirməsi
Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu. *Est. 2:21-22 Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi». Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib». Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın. Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri». Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?» Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin: padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin. Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”». 10 Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et».
11 Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir». 12 Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı. 13 O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan».
14 Elə onunla söhbət edirdilər ki, padşahın hərəmağaları Hamanı tələsik Esterin qurduğu ziyafətə apardı.

*6:2 Est. 2:21-22