7
Hamanın məğlubiyyəti və edamı
Padşahla Haman mələkə Esterin ziyafətinə gəldi. İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: «Mələkə Ester, nə istəyirsən? De, sənə verim! Arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm». Ester padşaha cavab verdi: «Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin, arzum budur ki, xalqıma qıymasın. Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım, çünki padşahı belə bir dərdlə narahat etməyə dəyməz».
O zaman padşah Axaşveroş mələkə Esterdən «Bu işi kim etmişdir? Ürəyində belə istəyi olan haradadır?» deyib soruşanda Ester dedi: «Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır!» Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü. Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir. Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qayıdanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: «Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı?» Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar. Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!» 10 Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu.