8
Yəhudilərin padşah tərəfindən müdafiəsi
1 Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi. 2 Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu.
3 Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın. 4 Padşah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padşahın hüzurunda durdu. 5 Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın. 6 Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?» 7 Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb. 8 Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin».
9 Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi.
10 Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi. 11 Bu məktublara görə padşah hər şəhərdə yaşayan Yəhudilərə izin verdi ki, yığılıb öz canlarını qorusunlar. Onlara, arvad və uşaqlarına hücum edən hər millətin yaxud hər vilayətin silahlı dəstələrini tamamilə qırıb öldürərək yox etsinlər, əmlaklarını isə talan etsinlər. 12 Padşah Axaşveroşun bütün vilayətlərində bu iş üçün müəyyən olunmuş gün, on ikinci ay olan Adar ayının on üçü idi. 13 Bu fərmanın surəti hər vilayətdə dəst-xətlə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsun. 14 Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.
15 Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı. 16 Artıq Yəhudilərin arasında şadlıq, sevinc, fərəh və təntənə var idi. 17 Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu.