20
Xəyanətkar İsrail
Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu.
Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz Məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. Onları mühakimə edəcəksənmi, ey bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının iyrənc işlərini bildirib söylə ki, *Çıx. 6:2-8 Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə and içdim. O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam. Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız Rəbb Mənəm›. Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim.
10 Mən onları Misir torpağından çıxarıb səhraya gətirdim. 11 *Lev. 18:5 Onlara qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. 12 *Çıx. 31:13-17 Onlara Öz Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis edənin Mən Rəbb olduğunu bilsinlər. 13 Ancaq İsrail nəsli səhrada Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi rədd etdilər. Əgər insan bu hökmlərə əməl edərsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı üstlərinə tökəcəyəm›. 14 Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım. 15 *Say. 14:26-35 Mən də səhrada onlara and içdim ki, onları bütün ölkələrdən gözəl olan, özlərinə verdiyim süd və bal axan torpağa gətirməyəcəyəm. 16 Çünki hökmlərimi rədd etdilər, qaydalarıma görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona görə ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi. 17 Ancaq Mənim onlara yazığım gəldi, onları həlak etmədim və səhrada qırıb-çatmadım.
18 Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü murdarlamayın. 19 Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə rəftar edin, hökmlərimə riayət edin və onlara əməl edin. 20 Şənbə günlərimi təqdis edin. Qoy onlar Mənimlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm›. 21 Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. 22 Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım. 23 *Lev. 26:33 Mən səhrada özlərinə and içib dedim ki, onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. 24 Çünki onlar hökmlərimə əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi. 25 Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər verdim. 26 İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək qurban etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb Mənəm”.
27 Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək Mənə küfr etdi. 28 Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər. 29 Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama *Bama – ibrani dilində səcdəgah, həmçinin ba – getmək, ma – nədir deməkdir. adlanır”.
30 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Siz atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq edərək özünüzü murdar edərsinizmi? 31 İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən soruşmağınıza icazə verməyəcəyəm. 32 Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək. Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik›”.
33 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm. 34 Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam, səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam. 35 Sizi xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə edəcəyəm. 36 Atalarınızı Misir torpağının səhrasında necə mühakimə etdimsə, sizi də eləcə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 37 “Sizi əsanın altından keçirəcək və əhdlə bağlayacağam. 38 Sizin aranızdan Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 39 Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”.
40 Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. Orada onlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul edəcəyəm. 41 Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin aranızda müqəddəs tutulacağam. 42 Sizi atalarınıza verməyi vəd etdiyim torpağa – İsrail torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb Mənəm. 43 Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız, bu işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz. 44 Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir».
45 Mənə yenə Rəbbin sözü nazil oldu: 46 «Ey bəşər oğlu, üzünü cənuba doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə qarşı peyğəmbərlik et. 47 Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq. 48 Bütün bəşər görəcək ki, odu Mən Rəbb alışdırdım və o sönməyəcək”». 49 Mən dedim: «Ah, ya Xudavənd Rəbb! Onlar mənim barəmdə belə deyir: “Bu adam ancaq məsəllərlə danışır, elə deyilmi?”»

*20:5 Çıx. 6:2-8

*20:11 Lev. 18:5

*20:12 Çıx. 31:13-17

*20:15 Say. 14:26-35

*20:23 Lev. 26:33

*20:29 Bama – ibrani dilində səcdəgah, həmçinin ba – getmək, ma – nədir deməkdir.