5
Tikintinin davam etdirilməsi
1 *Ezra 6:14; Haq. 1:1; Zək. 1:1 Peyğəmbərlərdən peyğəmbər Haqqayla İddo oğlu Zəkəriyyə Yəhudada və Yerusəlimdə yaşayan Yəhudilərə İsrail Allahının adı ilə peyğəmbərlik etdi. 2 *Haq. 1:12; Zək. 4:6-9 *Zək. 3:1 O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi.
3 O vaxtlar Fərat çayının qərb torpaqlarının valisi olan Tattenay, Şetar-Boznay və yoldaşları onların yanına gəlib dedi: «Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?» 4 Onda biz onlara bu binanı tikənlərin adlarını bildirdik. 5 Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar.
6 Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları, Fərat çayının qərb torpaqlarındakı məmurlar padşah Daraya bu surətdə məktub yolladı. 7 Ona yolladıqları məktubda belə yazılmışdı:
«Padşah Daraya böyük ehtiramla salamlar!
8 Padşaha məlum olsun ki, biz Yəhuda vilayətindəki böyük Allahın məbədinə getdik. Məbəd böyük daşlardan tikilmiş, divarların içərisinə dirəklər qoyulmuşdur. Bu iş səylə görülərək uğurla idarə edilir. 9 O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?” 10 Həm də onlardan bu işin başçılarının adını soruşduq ki, bunları yazaraq sizə bildirək.
11 Onlar bizə belə cavab verdilər:
“Biz göylərin və yerin Allahının qullarıyıq. Bundan bir çox il əvvəl tikilən məbədi bərpa edirik. Vaxtı ilə oranı İsrailin böyük padşahı tikib başa çatdırmışdı. 12 *2Pad. 25:8-12; 2Saln. 36:17-20; Yer. 52:12-15 Lakin atalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün Allah onları Babil padşahı Xaldeyli Navuxodonosora təslim etdi. O da bu məbədi xarabaya çevirdi və xalqını Babilə əsir apardı. 13 *Ezra 1:2-11 Lakin Babil padşahı Kirin hakimiyyətinin birinci ilində padşah Kir Allah evinin bərpası üçün əmr verdi. 14 Həmçinin Yerusəlimdəki Allah evindən Navuxodonosorun götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları padşah Kir Babildəki məbəddən çıxartdı. Onları vali təyin etdiyi Şeşbassar adlı bir adama verərək dedi: 15 ‹Bu əşyaları götürüb get, Yerusəlimdəki məbədə qoy. Allahın evi qoy öz yerində bərpa olunsun›. 16 O zaman həmin Şeşbassar gəlib Yerusəlimdəki Allah evinin təməlini qoydu. O zamandan indiyə qədər bu məbəd tikilir, lakin hələ tamamlanmayıb”.
17 İndi padşahın xoşuna gələrsə, qoy Babil sarayındakı dəftərxana axtarılaraq Yerusəlimdəki Allah evinin bərpası üçün padşah Kirin verdiyi əmr üzə çıxarılsın. Sonra isə bu iş barədə padşah öz iradəsini bizə bildirsin».