52
Yerusəlimin süqutu
(2Pad. 24:18–25:21)
1 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 2 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü. 3 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.
4 *Yez. 24:2 Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. 5 Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. 6 Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. 7 *Yez. 33:21 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı. 8 Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı. 9 Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi. 10 O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü. 11 *Yez. 12:13 Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı.
12 Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. 13 O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. 14 Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu. 15 Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi. 16 Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.
17 *1Pad. 7:15-47 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı. 18 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar. 19 Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı. 20 Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi. 21 Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi. 22 Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi. 23 Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi.
24 Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astana keşikçisi olan üç nəfəri əsir aldı. 25 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. 26 Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. 27 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
28 Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi; 29 Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər; 30 iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi.
Padşah Yehoyakinin azad edilməsi
(2Pad. 25:27-30)
31 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. 32 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu. 33 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi. 34 Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi.