51
1 Rəbb belə deyir:
«Mən Babildə və Lev-Qamayda *Lev-Qamay – ibrani dilində düşmənlərimin ürəyi mənasında olub Xaldey ölkəsinin rəmzi adıdır. yaşayanlara qarşı
Həlakedici bir külək əsdirəcəyəm.
2 Babilə taxılsovuranlar †Taxılsovuranlar – yaxud yadellilər. göndərəcəyəm,
Onu sovurub ölkəsini boş qoyacaqlar,
Qara gündə hər yandan ona hücum edəcəklər.
3 Oxçu kamanını çəkməsin,
Zirehini geyməsin.
Onun cavanlarına rəhm etməyin,
Ordusunu tamamilə məhv edin.
4 Öldürülənlər Xaldey ölkəsində,
Yaralılar Babil küçələrində
Yerə səriləcək.
5 Ancaq İsrailin Müqəddəsinə qarşı
Ölkələri təqsirlə dolduğu halda
Özlərinin Allahı Ordular Rəbbi
İsrail və Yəhuda xalqlarını tərk etmədi.
6 *Vəhy 18:4 Babilin içindən qaçın!
Hər kəs canını qurtarsın!
Onun günahına görə məhv olmayın.
Çünki Rəbbin qisas zamanıdır,
Ona öz əvəzini verəcək.
7 *Vəhy 17:2-4; 18:3 Babil Rəbbin əlində bir qızıl kasa idi,
Bütün dünyanı sərxoş edirdi.
Millətlər onun şərabını içdi,
Ona görə də çılğınlaşdı.
8 *Yeş. 21:9; Vəhy 14:8; 18:2 Babil qəflətən düşüb parça-parça olacaq,
Onun üçün yas tutun!
Yarasına məlhəm sürtün,
Bəlkə şəfa tapar.
9 *Vəhy 18:5 Babilə şəfa vermək istədik,
Amma sağalmadı.
Onu tərk edək,
Hər birimiz öz ölkəmizə qayıdaq.
Çünki Babilin hökmü göylərə çatır,
Buludlara qədər yüksəlir.
10 Rəbb bizə bəraət verdi.
Gəlin Allahımız Rəbbin nələr etdiyini
Sionda elan edək!
11 Oxları itiləyin,
Kaman qablarını doldurun!
Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.
Məqsədi Babili yox etməkdir,
Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.
12 Babil divarlarına qarşı
Bayraq yüksəldin!
Keşikçiləri çoxaldın,
Növbətçiləri öz yerinə qoyun,
Pusquda durun.
Çünki Rəbb Babildə yaşayanlara qarşı
Həm niyyət qurdu,
Həm də söylədiyini yerinə yetirdi.
13 *Vəhy 17:1 Ey axar suların sahilində yaşayanlar,
Çoxlu xəzinələri olanlar,
Axırınız gəldi,
Vaxtınız yetişdi».
14 Ordular Rəbbi Öz varlığına and içdi:
«Səni çəyirtkə sürüsü ilə dolduran kimi
Mütləq əsgərlərlə dolduracağam,
Sənə qarşı zəfər nərəsi çəkəcəklər».
Rəbbin mədhi
15 Rəbb qüdrəti ilə yer üzünü yaratdı,
Hikməti ilə dünyanı qurdu,
Dərrakəsi ilə göyləri yaydı.
16 *Zəb. 135:7; Yer. 10:13 O gurlayanda göydəki sular çağlayır,
Yerin ucqarlarından buludları yüksəldir,
Yağış üçün şimşək çaxdırır,
Anbarlarından külək çıxarır.
17 Hər kəs ağılsız oldu,
Bilikləri qalmadı.
Hər zərgər düzəltdiyi bütdən utanacaq,
Çünki onun tökdüyü büt puçdur,
Onda nəfəs yoxdur.
18 Onlar boş şey, masqaraçıların işidir,
Cəza vaxtı məhv olacaqlar.
19 Yaquba Nəsib Olan isə onlara bənzəməz,
Çünki irs qəbiləsi ilə birgə
Hər şeyi yaradan Odur.
Onun adı Ordular Rəbbidir.
Babilin cəzalanması
20 «Sən mənim toppuzum, döyüş silahımsan,
Səninlə millətləri qırıram,
Səninlə padşahlıqları məhv edirəm.
21 Səninlə atları və süvariləri qırıram,
Səninlə döyüş arabaları və minicilərini qırıram,
22 Səninlə kişi və qadınları qırıram,
Səninlə qoca və cavanları qırıram,
Səninlə gənc oğlan və qızları qırıram.
23 Səninlə çoban və sürüsünü qırıram,
Səninlə əkinçi və öküzlərini qırıram,
Səninlə valilərlə vəkilləri qırıram.
24 Amma Babildə və Xaldey ölkəsində yaşayanlara
Sionda etdikləri bütün pis əməllərinin əvəzini
Gözlərinizin önündə verəcəyəm»
Rəbb belə bəyan edir.
25 «Budur, sənə qarşıyam,
Ey həlak edən dağ»
Rəbb belə bəyan edir.
«Ey bütün dünyanı həlak edən!
Sənə əlimi qaldırıb
Qayanın başından yuvarlayacağam,
Səni yanmış bir dağa çevirəcəyəm.
26 Səndən künc və təməl daşı götürməyəcəklər,
Sən əbədi bir viranə olacaqsan»
Rəbb belə bəyan edir.
27 «Yer üzündə bayraq qaldırın!
Millətlər arasında şeypur çalın!
Millətləri Babilə qarşı döyüşə hazırlayın!
Urartu, Minni və Aşkenaz padşahlıqlarını
Ona qarşı toplayın.
Ona qarşı bir sərkərdə təyin edin,
Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.
28 Millətləri – Midiya padşahlarını,
Valilərini və bütün vəkillərini,
Başçılıqları altındakı bütün ölkələri
Babilə qarşı döyüşə hazırlayın!
29 Ölkə titrəyib lərzəyə gəlir!
Çünki Rəbbin Babilə qarşı niyyəti –
Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti
Yerinə yetməlidir.
30 Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi,
Öz qalalarında oturdu.
Gücləri tükəndi,
Ürkək qadınlara döndülər.
Yaşadıqları yerlər oda verildi,
Darvaza sürgüləri qırıldı.
31 Qasid qasid dalınca,
Xəbərçi xəbərçi dalınca qaçıb
Bu xəbəri Babil padşahına çatdırır:
“Şəhər hər tərəfdən alındı,
32 Çay keçidləri tutuldu,
Qamışlıqlar yandırıldı,
Döyüşçülər çaşqınlığa düşdü”».
33 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:
«Vaxtı gələndə xırman yeri necə tapdalanırsa,
Babil xalqı da elə olacaq.
Qısa müddətdən sonra
Onun da biçin zamanı gələcək».
34 «Babil padşahı Navuxodonosor
Bizi əzib yedi,
Boş bir qaba çevirdi.
Canavar kimi uddu,
Gözəl yeməklərimizlə qarnını doydurdu.
Sonra bizi qusdu.
35 Bizə və əhalimizə qarşı edilən zorakılıq
Babilin başına gəlsin»
Deyir Sion sakini.
«Tökülən qanımızın haqq-hesabı
Qoy Xaldeylilərdən soruşulsun»
Deyir Yerusəlim.
Rəbbin İsrailə köməyi
36 Buna görə Rəbb belə deyir:
«Məhkəmədə işinizə Mən baxacağam,
Qisasınızı Mən alacağam.
Onun çayını qurudacaq,
Bulağının suyunu kəsəcəyəm.
37 Babil daş qalaqlarına,
Çaqqal yuvasına dönəcək.
Dəhşət hədəfi olacaq,
İstehza ilə ona fit çalacaqlar.
Orada heç kəs yaşamayacaq.
38 Xalqı cavan aslanlar kimi kükrəyəcək,
Şir balaları kimi nərildəyəcək.
39 Ancaq qızışdıqları vaxt
Ziyafət düzəldib onları sərxoş edəcəyəm.
Qoy keflənsinlər,
Əbədi yuxuya dalsınlar,
Heç vaxt oyanmasınlar»
Rəbb belə bəyan edir.
40 «Onları quzu, qoç və təkə kimi
Kəsməyə aparacağam.
Babilin sonu
41 Şeşak ‡Şeşak – bax: 25:26. necə alındı!
Bütün dünyanın qürurlandığı yer
Necə dəhşətli hala düşdü.
Babil millətlər arasında
Necə dəhşətli hala düşdü!
42 Babili çay basacaq,
Onu gurlayan dalğalar örtəcək.
43 Qəsəbələri viran olacaq,
Torpaqları heç kəsin yaşamadığı,
Bəşər oğlunun keçmədiyi
Quraq bir çölə dönəcək.
44 Babildə Bel bütünü cəzalandıracağam,
Udduğunu ona qusduracağam.
Artıq millətlər oraya axın-axın gəlməyəcək,
Babil divarı da yıxılacaq.
45 *Vəhy 18:4 Oradan çıx, ey xalqım!
Hamınız canınızı qurtarın!
Rəbbin qızğın qəzəbindən qaçın!
46 Ölkədə eşitdiyiniz şayiələrə görə
Cəsarətinizi itirib qorxmayın.
Bir il bir şayiə gəlir,
O biri il başqası.
Ölkədə zorakılıq,
Başçının başçıya qarşı çıxması barədə
Şayiələr yayılır.
47 Buna görə də yəqin ki
Babilin bütlərini cəzalandıracağım günlər gəlir.
Bütün ölkə utandırılacaq,
Öldürülənləri onun ortasında yerə səriləcək.
48 *Vəhy 18:20 O zaman yer, göy və onlardakı hər şey
Babilin başına gələnlərə sevinəcək.
Çünki şimaldan gələn məhv edənlər
Ona hücum edəcək»
Rəbb belə bəyan edir.
49 *Vəhy 18:24 «İsrailin öldürülənlərinə görə
Babil də məhv olmalıdır,
Necə ki yer üzündə öldürülən hər kəs
Babilə görə məhv oldu.
50 Ey qılıncdan qurtulanlar,
Qaçın, ləngiməyin!
Rəbbi uzaqdan yada salın,
Yerusəlim barədə düşünün!»
51 Biz utandıq,
Çünki təhqir eşitdik,
Üzümüzü rüsvayçılıq örtdü.
Çünki yadellilər Rəbbin məbədinin
Müqəddəs yerlərinə girdi.
52 «Buna görə də bütlərini
Cəzalandıracağım günlər gəlir,
Bütün ölkədə yaralılar inildəyəcək»
Rəbb belə bəyan edir.
53 «Babil göylərə çıxsa da,
Ucalardakı qalasını möhkəmləndirsə də,
Məhv edənləri üstünə göndərəcəyəm»
Rəbb belə bəyan edir.
54 «Babildən fəryad,
Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.
55 Çünki Rəbb Babili məhv edir,
Onun hay-küyünü susdurur.
Düşmən dalğaları axar sular kimi kükrəyir,
Səslərinin gurultusu ucalır.
56 Çünki Babilə qarşı bir məhv edən çıxacaq,
Döyüşçüləri əsir tutulacaq,
Kamanları qırılacaq.
Çünki Rəbb əvəz verən bir Allahdır,
Mütləq cəzalandıracaq.
57 Babil başçılarını, müdriklərini,
Valilərini, vəkillərini, döyüşçülərini
Elə sərxoş edəcəyəm ki,
Əbədi yuxuya dalacaq,
Heç vaxt oyanmayacaqlar»
Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.
58 Ordular Rəbbi deyir:
«Babilin qalın divarları yerlə yeksan ediləcək,
Uca darvazaları oda veriləcək.
Xalqlar boş-boşuna zəhmət çəkir,
Ümmətlərin çəkdiyi əziyyət
Oda təslim ediləcək».
Yeremyanın sözünün Babilə çatması
59 Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı. 60 Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı. 61 Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma. 62 De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”. 63 *Vəhy 18:21 Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və 64 söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”».
Yeremyanın sözləri buraya qədərdir.