MƏRSİYƏLƏR
KİTABI
GİRİŞ
«Mərsiyələr» Kitabı beş mərsiyədən ibarətdir. Miladdan əvvəl 586-cı ildə Yerusəlimin dağıdılıb əhalinin əsir aparılmasından sonra bu mərsiyələrin Yeremya peyğəmbər tərəfindən yazıldığı ehtimal olunur. Bu kitabın 1-4-cü fəslə qədər olan hissəsi akrostix şəklində yazılmışdır, yəni ayələrin sırası ibrani əlifbasının hərfləri ilə başlayır. Yalnız üçüncü fəsildə üç ayə eyni hərflə başlayır.
Bu kitab mərsiyə ruhunda yazılsa da, burada Allaha inam və gələcəyə ümid əhval-ruhiyyəsi də özünü göstərir. Bütün bu dəhşətli hadisələrə baxmayaraq, Yeremya peyğəmbər Allaha sonsuz dərəcədə etibar edib belə deyir:
«Amma bunları yada salarkən
Məndə ümid yaranır.
Rəbbin məhəbbətinə görə məhv olmadıq,
Çünki mərhəməti tükənməzdir.
Hər səhər bunlar təzələnir,
Sənin sədaqətin böyükdür.
Öz-özümə deyirəm: “Rəbb mənim nəsibimdir”,
Ona görə Rəbbə ümid bəsləyirəm» (3:21-24).
Miladdan əvvəl 586-cı ildə İsraillilərin başına gələn milli fəlakətin xatirinə yəhudilər hər il tutduqları oruc günlərində ibadət zamanı «Mərsiyələr» Kitabından istifadə edirlər.
Kitabın məzmunu:
1:1-22 Yerusəlim dərdi
2:1-22 Yerusəlimin cəzası
3:1-66 Cəza və ümid
4:1-22 Dağılmış Yerusəlim
5:1-22 Mərhəmət duası
1
Yerusəlim dərdi
Yerusəlim şəhəri necə də boş qalıb,
Bir zaman insanlarla dolu idi,
İndi dul qadına bənzəyir –
Millətlər arasında ulu sayılan,
Ellər arasında mələkə olan,
Bu şəhər nökərçilik edir.
 
Gecələr acı-acı ağlar,
Göz yaşları ilə yanağı islanar,
Məşuqlarının arasından
Ona təsəlli verən yoxdur.
Bütün dostları ona xəyanət etdi, düşmən oldu.
 
Yəhuda dərdə, ağır zillətə düşüb,
İndi sürgünə gedir.
O, millətlər arasında yaşayır,
O torpaqlarda rahatlıq tapmır,
Yəhuda bu iztiraba düşəndə,
Təqibçilər ona çatdılar.
 
Siona gedən yollar yas tutur,
Çünki bayramlarına gələn yoxdur,
Buranın bütün darvazaları kimsəsiz qalıb,
Kahinləri ah-zar edir.
Bu şəhərin qızları əzab-əziyyət çəkir,
Buranın aqibəti acıdır,
 
İndi düşmənlər bu şəhərin üstündə hökmrandır,
Bu yağılar gör necə firavan yaşayır.
Çox üsyankar olduqlarına görə
Rəbb onları bu zülmə saldı,
Övladları düşmən önündə əsir aparıldı.
 
Sion qızının cah-calalı yox oldu,
Onların başçıları otlaqsız maral kimi oldu,
Onlar təqib edənlərin qarşısından
Taqətsiz qaçırlar.
 
Yerusəlim sıxıntı içində avara gəzərkən
Ötən günlərdə olan bütün sərvətini xatırlayır,
Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur.
Düşmənləri ona baxır,
Yıxılmağına gülür.
 
Yerusəlim böyük günah işlətdi,
Ona görə özünü murdar etdi.
Yerusəlimə hörmət edənlərin hər biri
İndi ona xor baxır,
Çünki onu çılpaq görürlər,
O da üzünü yana çevirib inləyir.
 
Ətəyində ləkələr qaldı,
Sonunu düşünməz oldu,
Ona görə qorxunc surətdə yıxıldı,
Ona təsəlli verən yoxdur,
Ya Rəbb, gör bu əzabımı,
Çünki düşmən zəfər çaldı.
 
10 Onun bütün sərvətini talamaq üçün
Düşmən əlini uzatdı.
Göz önündəcə millətlər,
Camaatın arasına girməsini qadağan etdiyin
Müqəddəs məkanına soxuldu.
11 Oranın bütün xalqı zarıyır, çörək axtarır,
Canlarını taqətə gətirmək üçün
Sərvətlərinin əvəzinə azuqə alır.
«Ya Rəbb, indi bax, halımı gör,
Bir səfilə dönmüşəm».
 
12 Ey yoldan keçənlərin hamısı,
Bu iş sizin üçün boşdurmu?
Baxın dərdimə, bunun kimisi varmı,
Mənim başıma gətirilən dərd başqasında olarmı?
Rəbb qəzəbdən alovlananda
Bu dərdi başıma tökdü.
 
13 Yuxarıdan od göndərdi,
Sümüklərimədək bu odu yeritdi.
Ayaqlarım üçün tor qurdu,
Məni geri qaytardı.
Gün boyu məni yalqız qoydu, taqətdən saldı.
 
14 Xudavənd günahlarımı mənə boyunduruq etdi,
Əli ilə bir-birinə hördü,
Onları boynuma keçirtdi,
Taqətimi tükəndirdi.
Məni qarşısında dura bilmədiyim
İnsanlara təslim etdi.
 
15 Məni müdafiə edən cəngavərlər vardı,
Hamısı Xudavənd tərəfindən atıldı.
Mənə qarşı bir ordu göndərdi,
Seçmə igidlərimi qırıb tapdalatdı.
Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.
 
16 Bunlar üçün ağlayıram,
Gözlərimdən yaş axır.
Təsəlli verən məndən uzaqdır,
Məni dirçəldən uzaqdır.
Övladlarım yalqız qalıb,
Çünki düşmən zəfər çalıb.
 
17 Sion əl açıb,
Amma ona təsəlli verən yoxdur.
Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib:
«Qoy qonşuları onun düşməni olsun,
Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».
 
18 Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım,
Ey bütün xalqlar, siz mənə qulaq asın!
Mənim çəkdiyim bu dərdə baxın,
Bakirə qızlarım, igidlərim sürgünə gedib.
 
19 Müttəfiqlərimi çağırdım,
Lakin məni aldatdılar,
Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün
Yemək axtardılar,
Amma şəhərin içindəcə canlarını tapşırdılar.
 
20 Ya Rəbb, bax dara düşmüşəm,
Canım əzabdan yanır.
Çox üsyankarlıq etmişəm,
Buna görə ürəyim üzülür.
Bayırdakı qılınc məni övladsız qoyur,
Ölüm evimi içəridən bəzəyir.
 
21 Necə ah-zar çəkdiyimi eşidiblər,
Amma mənə təsəlli verən yoxdur,
Düşmənlərim bu əziyyətimdən xəbər tutdu,
Onlar başıma gələnlərə sevinir,
Elan etdiyin günü yetir!
Qoy onlar mənim vəziyyətimə düşsün.
 
22 Etdikləri pislikləri yada sal,
Üsyankarlığıma görə mənə etdiyini onlara da et,
Çox ah-nalə çəkirəm,
Ürəyim taqətdən düşüb.