2
Yerusəlimin cəzası
Xudavənd Sion qızına qəzəblənərkən
Onu hər tərəfdən qara bulud aldı.
İsrailin əzəmətini göydən yerə tulladı,
Qəzəbləndiyi gün kətilini *Kətil – burada Əhd sandığı ya da Sion dağı mənasında işlənir. xatirindən çıxardı.
 
Xudavənd aman vermədən
Yaqub nəslinin bütün məskənlərini dağıtdı,
Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı,
Padşahlığı, başçıları yerlə yeksan etdi.
 
Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi,
Düşmən önündə onun üstündən sağ əlini götürdü.
Sanki Yaqub nəslini hər tərəfdən oda saldı
Göndərdiyi atəşlə yandırıb-yaxdı.
 
Düşmən kimi kamanının yayını dartdı,
Yağı kimi sağ əlini qaldırdı,
Gözə xoş görünənləri tamamilə öldürdü.
Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.
 
Xudavənd İsraili uddu,
Onunla düşmən kimi rəftar etdi.
Bütün saraylarını yerlə yeksan etdi,
Qalalarını viran qoydu,
Yəhudanın fəryadını, fəğanını daha da artırdı.
 
Çardağını viranə bağlar tək qırıb tökdü,
Görüş yerlərini xarabalığa çevirdi,
Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu,
Qəzəbi ilə padşahını, kahinini atdı.
 
Xudavənd qurbangahını rədd etdi,
Müqəddəs məkanını tərk etdi.
Saraylarının sədlərini düşmən əlinə keçirtdi,
Onlar bayram günlərində olduğu kimi
Rəbbin məbədində haray qopardı.
 
Rəbb niyyət etdi ki,
Sion qızının divarlarını dağıtsın.
Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək.
Qala divarını, səddini, matəmə bürüyüb,
Hamısı qüvvələrini itirib.
 
Onun darvazalarını yerə batırdı,
Cəftələrini qırıb atdı,
Padşahlarını, başçılarını
Yad millətlərin arasına saldı,
Qanuna əməl edilmir,
Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.
 
10 Sion qızının ağsaqqalları susub-dinmir,
Onlar toz-torpaq içində əyləşib,
Başlarına toz töküb, çul geyib,
Yerusəlimin bakirə qızları başlarını yerə dikib.
 
11 Ağlamaqdan gözlərimin nuru gedir,
Canım əzabdan yanır.
Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır.
Çünki şəhər meydanlarındakı
Körpələrin, uşaqların huşu başından çıxır.
 
12 Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər,
Ana qucağında can verirlər.
Analarından soruşurlar:
«Hanı çörək, hanı şərab?»
 
13 Ey Yerusəlim qızı, sənə nə deyim?
Səni kimlə müqayisə edim?
Ey bakirə Sion qızı, səni kimə bənzədim?
Bununla mən sənə təsəlli verə bilim?
Çünki yaran dəniz qədər dərindir,
Sənə kim şəfa verə bilər?
 
14 Sənin üçün görülən görüntülər yalan oldu,
Peyğəmbərlərin səni aldatdı.
Firavanlığını sənə qaytarmaq üçün
Təqsirlərini üzə çıxartmadılar,
Amma bu peyğəmbərlər səni azdırdı,
Sənin üçün yalandan görüntülər gördü.
 
15 Yoldan keçən bütün insanlar
Qarşında əl çalırlar,
Başlarını yelləyib səni fitə basırlar.
Yerusəlim qızına belə deyirlər:
«Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»
 
16 Bütün düşmənlərin səni ələ salır,
Fitə basır, diş qıcıdır,
«Onu udduq,
Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.
 
17 Rəbb Öz iradəsini yerinə yetirdi,
Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi.
Səni viran qoydu, aman vermədi,
Düşmənlərini sənin halına sevindirdi,
Yağılarını gücləndirdi.
 
18 Xalq Xudavəndə ürəkdən fəryad etdi,
Ey Sion qızının divarı!
Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın,
Dincəlmə, aç gözlərini, yumulmasın.
 
19 Qalx, gecə fəryad etməyə,
Gecə növbələri başlayarkən
Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök.
Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə,
Onlar hər tin başında acından huşunu itirir.
 
20 Ya Rəbb, indi bax, xalqının halını gör!
Kiminlə belə rəftar etmisən?
Analar uşaqlarını, əziz balalarınımı yesin?
Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?
 
21 Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır.
Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir.
Qəzəbləndiyin gün onları qətlə çatdırmısan,
Aman vermədən qırmısan.
 
22 Qorxduqlarımı hər yandan çağırmısan,
Elə bil bayrama dəvət etmisən.
Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı,
Onların arasından sağ qalan olmadı,
Sevə-sevə övlad böyütmüşdüm,
Onları düşmənim həlak etdi.

*2:1 Kətil – burada Əhd sandığı ya da Sion dağı mənasında işlənir.