5
Məsihin verdiyi azadlıq
1 Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun*Məsih … durun – bəzi əlyazmalarda Ona görə də Məsihin bizə verdiyi azadliqda möhkəm durun. və yenidən köləlik boyunduruğuna tabe olmayın.
2 Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz. 3 Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur. 4 Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz. 5 Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik. 6 Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
7 Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi? 8 Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil. 9 *1Kor. 5:6Azacıq maya bütün xəmiri acıdır. 10 Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək. 11 Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı. 12 Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
Cismani təbiət və Müqəddəs Ruh
13 Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin. 14 *Lev. 19:18Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev». 15 Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
16 Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz. 17 Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz. 18 Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.
19 Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq,†Cinsi əxlaqsızlıq – bəzi əlyazmalarda zinakarlıq, cinsi əxlaqsızlıq. murdarlıq, pozğunluq, 20 bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, 21 paxıllıq,‡Paxıllıq – bəzi əlyazmalarda paxıllıq, qatillik. sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
22 Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, 23 həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. 24 Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. 25 Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. 26 Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.